ABŞ-da Nizami Gəncəviyə həsr edilmiş konsert

abs-da-nizami-genceviye-hesr-edilmis-konsert
Oxunma sayı: 972

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yaşayan Əməkdar artist, tanınmış piano ifaçısı Emil Əfrasiyabın təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual konsert keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konsertə 100-dən çox iştirakçı qoşulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Sərəncamına əsasən təşkil olunan tədbirə tanınmış teleaparıcı Saleh Bağırov moderatorluq edib. 

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu nəzərə çatdırıb. 

Daha sonra Xalq artisti Samir Cəfərovun ifasında “Gül camalın”, “Gözüm aydın, gözümə” mahnıları, Əməkdar artist Abbas Bağırovun ifasında “Sənsiz” və “Sevgili canan” romansları, Leyla Əfrasiyab Babayevanın ifasında “Etmədədir” və “Könlüm” mahnıları təqdim edilib. 

“Qaytağı” ansamblının rəhbəri, Xalq artisti Ənvər Sadıqov “Əhməd haradadır?” kinofilmindən instrumental musiqini və “Azərbaycan musiqi inciləri” adlı popurini, Əməkdar artist Emil Əfrasiyab pianoda “Vaqifsayağı” və “Əzizə” kompozisiyalarını ifa ediblər. Sonda Emil Əfrasiyab tədbirə dəstəkləyənlərə təşəkkürünü bildirib.