Dağlıq Qarabağ problemi ətrafında baş verənlərin növbəti mərhələsi yekunlaşmaq üzrədir. Sözsüz ki, bu mərhələ də bir neçə paralel xətt üzrə nəzərdən keçirilməlidir. Paralel istiqamətlər siyasi, hərbi, informativ və sairdir.
İnformasiya cəbhəsində nələrin baş verdiyi barədə ötən dəfə müəyyən mülahizələri bölüşmüşdük. Doğrudur, indi sözün həqiqi mənasında informasiya müharibəsi getdiyinə görə bunu daha önəmli hesab etmək olar. Amma siyasi, hərbi və hətta iqtisadi müstəvilərdə nə baş verdiyini də diqqətlə izləmək mütləq lazımdır.
Beləliklə, problem ətrafında baş verənlərin növbəti mərhələsinin başqa bir yekunu barədə mülahizələr söyləmək olar.
Problemin siyasi yolla həlli istiqamətində müəyyən addımları hamımız müşahidə edirik. Bu məsələdə ATƏT-in Minsk Qrupu vasitəçi kimi hamı tərəfindən qəbul edilir. Minsk Qrupunda isə əsas rol həmsədrlərin üzərinə düşür. Fransa, Rusiya, ABŞ.
Avropanın təmsilçisi olan Fransanın qurumda iştirakı hələ ki, simvoliklikdən o yana keçməyib. Rusiyanın aşkar və gizli fəallığı həmişə var. ABŞ daima ilk baxışda mötədil və neytral mövqe sərgiləyir. Amma ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən Ceyms Uorlikin son dövrlər ortada olan fəaliyyətinin ermənipərəst olmasını sezmək üçün xüsusi eynəyə ehtiyac yoxdur.
Cənab Uorlikin ermənipərəstliyinin detalları və bunun nəyə hesablandığı barədə bir qədər sonra. Əvvəlcə ABŞ-ın nizamlanma prosesində rolu barədə.
ABŞ ermənilərin illərdən bəri fəal olduğu ölkələrdəndir.
ABŞ Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir.
ABŞ-ın Azərbaycanda iqtisadi maraqları var.
Bu üç əsas səbəbə görə, ABŞ həmişə neytral görünmək istəyir. Amma bəzən mövcud reallıqlar bu neytrallığı kölgə altında qoyur.
ABŞ münaqişəyə Rusiyadan fərqli olaraq prezident, xarici işlər naziri səviyyəsində müdaxilə etmir. Rusiyanın prezidentlərin görüşünə vasitəçilik etməsinə analoji addımlar ABŞ tərəfindən bu vaxta qədər atılmayıb.
Amma dünyanın müxtəlif nöqtələrində ABŞ və Rusiya arasında nüfuz müharibəsinin yeni mərhələyə qədəm qoyması Qafqaza və Dağlıq Qarabağ münaqişəsinə münasibətdə yeni baxış bucağını formalaşdırır.
Əvvəlcə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi müstəvisində fəallığını göstərən faktlar.
Ceyms Uorlik münaqişə ilə bağlı davamlı informasiyalar paylaşır. Digər həmsədrlərdə bu fəallıq yoxdur.
Amerikalı həmsədr bölgəyə son səfərdən əvvəl “Amerikanın səsi” radiosunun erməni redaksiyasına, ANS-in Vaşinqton bürosuna, Bakıda olduğu zaman “Azadlıq” radiosuna və APA-ya müsahibələr verib. Digər həmsədrlərdən ancaq rusiyalı İqor Popov İrəvanda olarkən jurnalistlərə ümumi sözlərlə açıqlamalar verib.
Amerikalı həmsədrin belə fəallığı sözsüz ki, öz təşəbbüsü deyil. Və bu ABŞ-ın fəallığının təzahür formasıdır.
Hələlik bu fəallığın arxasında hansı məqsədin dayandığını söyləmək çətindir. Amma bəzi detallar ABŞ-ın ermənipərəst mövqeyində olduğunu göstərir.
2014-cü il başlayandan atəşkəs pozuntuları zamanı Azərbaycan 3, Ermənistan isə 2 hərbçi itirib. ABŞ-dan olan həmsədr Ceyms Uorlik Ermənistanın itkilərindən sonra təəssüfünü bildirib. Amma Azərbaycan zabitlərinin həlak olmasına münasibət olmayıb. Azərbaycanda ermənilərin atəşindən mülki vətəndaşın yaralanması da Ceyms Uorlikin “diqqətini cəlb etməyib”.
ANS-in əməkdaşının suallarını cavablandıran zaman Ceyms Uorlik ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Amma o, “Amerikanın səsi”nə müsahibəsində Dağlıq Qarabağın danışıqlara cəlb olunmasına eyham vurub. Dağlıq Qarabağın azərbaycanlı icması isə həmsədrlərin gündəliyindən çoxdan çıxıb.
ABŞ-ın fəallaşması və ermənipərəst mövqe tutması göz qabağındadır. Bəs bunun arxasında nə dayana bilər.
Yaxın Şərqdə və Ukraynada baş verənlərdən sonra Qafqazda münasibətlərin aydınlaşdırılmasına cəhd ola bilər. Rusiyanın məsələləri güc müstəvisində həll etmək istəyi hamıya bəllidir. ABŞ Qafqazda Rusiyanın müttəfiqi olan Ermənistandan hərbi gərginliyin artırılmasında istifadə edə biləcəyindən ehtiyatlanır. Buna görə də fəallaşır və bu fəallıq ermənipərəstliklə müşayiət olunur. ABŞ sanki Ermənistana “mən Azərbaycanın yanında deyiləm” demək istəyir.
Amma bütün bunlar məsələnin görünən tərəfləridir. Sözsüz ki, qurulan müəyyən kombinasiyalardan pərdə arxasında qalanları da var. Buna görə də Azərbaycan üçün yeganə dayaq nöqtəsi Azərbaycan Ordusudur.
Bəs Silahlı Qüvvələrimiz sonuncu mərhələdən sonra hansı durumdadır?
Bu barədə gələn dəfə...