“ABŞ haqsız rəqabət aparır” - Narışkin

abs-haqsiz-reqabet-aparir
Oxunma sayı: 1166

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin rəhbərlik etdiyi departamentə ABŞ tərəfindən irəli sürülən ittihamları ABŞ xüsusi xidmət orqanlarının haqsız rəqabətinin təzahürü olaraq dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, Narışkin bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Xarici Kəşfiyyat Xidmətinə edilən hücumlara gəlincə, əlbəttə ki, dünyanın aparıcı kəşfiyyat xidmətləri arasındakı rəqabət xüsusi formatlarda, formalarda baş verir və özünəməxsus xüsusiyyətlərə malikdir. Ancaq bununla belə, mənim fikrimcə bu rəqabət ədalətli olmalıdır. Və ABŞ-ın bu sanksiya paketi haqsız rəqabətə işarədir”,- deyə o qeyd edib.

O, Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları beynəlxalq sabitliyin pozulmasına aparan “düşünülməmiş addım” adlandırıb.

“Bu, əlbəttə ki, dostyana olmayan və zənnimcə, düşünülməmiş bir addımdır. Hamımız başa düşürük ki, iki böyük güc - Rusiya və ABŞ arasındakı münasibətlər böyük dərəcədə beynəlxalq sabitlik və təhlükəsizlik səviyyəsini müəyyənləşdirir. Bu addım beynəlxalq sabitliyin məhvinə bir töhfədir, bu, göz qabağındadır”,- deyə Narışkin əlavə edib.