ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb

abs-herbi-teyyaresi-qezaya-ugrayib
Oxunma sayı: 830

ABŞ dəniz piyadaları korpusuna məxsus olan “MV-22 Osprey” təyyarəsi Avstraliya sahillərində qəzaya uğrayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, “Bonhomme Richard” desant gəmisinin göyərtəsindən havaya qalxan və planauyğun əməliyyat keçirən “MV-22” suya düşüb.

Konvertoplanın göyərtəsində olan 26 nəfərdən 23-nün xilas edildiyi, 3 nəfərin itkin düşdüyü bildirilir.

Məlumat Yaponiyanın Okinava adasında yerləşən ABŞ dəniz piyadaları 3-cü ekspedisiya korpusunun saytında yerləşdirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Avstraliyanın müdafiə naziri Maris Peyn axtarış-xilasetmə əməliyyatı keçirən ABŞ hərbiçilərinə hər cür kömək göstərməyə hazır olduqlarını bildirib.