ABŞ-ın 4 sabiq prezidenti Vaşinqtondakı iğtişaşları pislədi

abs-in-4-sabiq-prezidenti-vasinqtondaki-igtisaslari-pisledi
Oxunma sayı: 1736

ABŞ-ın keçmiş prezidentləri – Barak Obama, Bill Klinton, kiçik Corc Buş və Cimmi Karter ayrı-ayrı yazılı bəyanatlarda Vaşinqtonun mərkəzindəki iğtişaşları pisləyiblər.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, demokratlar - Obama və Klinton baş verənlərə görə məsuliyyəti ABŞ-ın hazırkı lideri Donald Trampın üzərinə qoyublar.

Xüsusilə, Obama qeyd edib ki, respublikaçı “Kapitolidə zorakılığı qızışdırıb”. Obamanın sözlərinə görə, baş verənlər ABŞ üçün “biabırçılıqdır”.  

Klintonun fikrincə, ABŞ-ın hazırkı Prezidenti və onun tərəfdarları “onun uduzduğu  seçkilərin nəticələrini ləğv etmək üçün” vəziyyəti gərginləşdiriblər. Klinton iğtişaşları ABŞ-ın siyasi institutlarına “görünməmiş hücum” adlandırıb.

Demokrat olan Karter də zorakılığı pisləyib və iğtişaşların iştirakçılarını dağılmağa çağırıb. O vurğulayıb ki, ötən ilin noyabrında keçirilmiş və Cozef Baydenin qələbə qazandığı seçkinin nəticələrini təsdiq etmək lazımdır.

Respublikaçı kiçik Buş qeyd edib: “Seçkilərin nəticələri ilə bağlı belə mübahisələri bizim demokratik respublikada deyil, banan respublikalarında edirlər”. “Seçkidən sonra bəzi siyasi liderlərin özlərini necə ağılsız aparmaları, həmçinin bu gün institutlarımıza, ənənələrimizə və hüquq-mühafizə orqanlarına hörmətsizlik məni sarsıtdı”, - deyə eks-prezident əlavə edib.