“ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında mühüm rol oynayacağına inanırıq”

abs-in-ermenistan-azerbaycan-munasibetlerinin-normallasdirilmasinda-muhum-rol-oynayacagina-inaniriq
Oxunma sayı: 809

“Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanlandığı təbrik məktubunda ifadə olunub.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar burada aparılan bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır: “Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik”.

İlham Əliyev sonda əmin olduğunu bildirib ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcək.