ABŞ-ın İraqdakı hərbçilərini geri çəkməsi ilə bağlı - Açıqlama

ABŞ-ın İraqdakı hərbçilərini geri çəkməsi ilə bağlı
Oxunma sayı: 1086

ABŞ-la İraq arasındakı Üçüncü Strateji Dialoq Görüşlərində İraqdakı ABŞ hərbçilərinin geri çəkilmə prosesinin davam etməsi istiqamətində razılığa gəlinib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, razılıq ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə İraq xarici işlər naziri Fuad Hüseyn və bir qrup diplomatın qatıldığı onlayn görüşdə əldə olunub.

İclasdan sonra yayımlanan birgə açıqlamada ABŞ-ın İraqın suveren hüquqlarına, ərazi bütövlüyünə və hüquqi səlahiyyətlərinə hörmət etdiyi vurğulanıb.

Bildirilib ki, ABŞ-la İraq arasında güclü iqtisadi əməkdaşlıq var və ABŞ şirkətləri İraqın inkişafı naminə yeni addımlar ata bilər.

Qeyd edilib ki, İraqdakı ABŞ hərbçiləri rəsmi Bağdadın dəvəti ilə İŞİD-lə mübarizədə İraq Təhlükəsizlik Qüvvələrinə dəstək üçün bu ölkədədirlər:

“ABŞ və koalisiya qüvvələri artıq daha çox təlim və məşvərət xidmətlərinə fokuslanacaq, beləcə, İraqda qalan hərbi qüvvələrin başqa yerlərə göndərilməsinə olan əngəl aradan qalxacaq”.

Gələn iclaslarda ABŞ əsgərlərinin ölkədən ayrılma təqvimi dəqiqləşəcək.