ABŞ-ın Suriyaya hücumuna reaksiyalar - Dünya ikiyə bölündü

abs-in-suriyaya-hucumuna-reaksiyalar
Oxunma sayı: 760

Xəbər verdiyimiz kimi, Suriyada Əsədə bağlı güclərin İdlib əyalətinə kimyəvi silah hücumu təşkil etməsi və aralarında uşaqlar da olmaqla çoxlu sayda insanın ölməsindən sonra prezident Trampın əmri ilə ABŞ bu gün Suriya hökumət qüvvələrinin bazalarına qanadlı raketlərlə zərbələr endirib. “Qafqazinfo” xəbər verir ki, ABŞ-ın bu addımı dünyanın siyasi gündəminin əsas müzakirə mövzusu olub. 

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya zərbələr endirməsini uydurma bəhanələrlə beynəlxalq hüquq normalarını pozaraq müstəqil ölkəyə qarşı təcavüz kimi qiymətləndirib.

Putinin mətbuat katibi Dmitroy Peskov bildirib ki, Suriya ordusu kimyəvi silah ehtiyatlarına malik deyil və bütün kimyəvi silah ehtiyatlarının məhv edilməsi BMT-nin ixtisaslaşmış - kimyəvi silahların qadağan olunması üzrə təşkilatı tərəfindən də təsdiqlənib.

Putin dünya ictimaiyyətinin diqqətini İraqda çoxsaylı dinc əhalinin öldürülməsindən yayındırmaq üçün ABŞ-ın Suriyaya belə bir hücum təşkil etdiyini vurğulayıb. 

Rusiya prezidenti hesab edir ki, Vaşinqtonun bu addımı onsuz da bərbad vəziyyətdə olan Rusiya- ABŞ əlaqələrinə xeyli ziyan vuracaq. 

Türkiyə, Polşa, Qətər, Böyük Britaniya, Avstraliya, Səudiyyə Ərəbistanı və İsrail isə ABŞ-ın bu addımını dəstəkləyib. İsrail prezidenti Reuven Rivlin ABŞ-ın Suriya avibazalarına hücumunu Əsəd rejiminin İdlib əyalətinə atdığı kimyəvi silaha adekvat cavab olduğunu və bunun bütün azad dünya üçün nümunə olduğunu deyib. 

İran hökuməti isə ABŞ-ın Suriya hərbi bazalarına hücumunu qınayıb. Yaponiya isə təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

ABŞ-ın Suriyaya hücumundan sonra dünya birjalarında neftin qiyməti bahalaşıb. Belə ki, Brent markalı neftin barelli martın 7-dən bəri ilk dəfə olaraq 56 dolları keçib. 

Suriyanın “Şayrat” aviabazasına Amerikanın hücumundan sonra ciddi zərər dəyib. Bazanın əməkdaşının Ria Novosti-yə verdiyi məlumata görə orada yerləşən aviatexnikalar, o cümlədən bütün təyyarələr sıradan çıxıblar. 

“ABŞ-ın Suriyaya hava hücumları dünyadakı situasiyanı dəyişəcək”. Bu sözləri isə ABŞ hərbi-dəniz qüvvələrinin keçmiş kontr-admiralı, Pentaqonun eks-rəsmi nümayəndəsi Con Kirbi deyib.