ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq edib?

abs-ivanisviliye-qarsi-sanksiya-tetbiq-edib
Oxunma sayı: 1211

Gürcüstan mediasında ABŞ-nin ölkənin hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili və ailə üzvlərinə qarşı sanksiya tətbiq etdiyi barədə məlumat yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, müxalif “Formula” telekanalı öz mənbəsinə istinadən İvanişvilinin xaricdə yaşayan övladlarının bank hesablarına girişin məhdudlaşdırıldığını yazıb. 

Qeyd olunub ki, İvanişvilinin dörd övladından üçü artıq uzun illərdir Gürcüstanda yaşamır. Mənbənin sözlərinə görə, söhbət ilkin məhdudiyyətlərdən gedir və onların bank hesabları yoxlanışdan keçirilir.

ABŞ-nin Gürcüstandakı Səfirliyi məsələyə münasibət bildirərək yayılan məlumatları təkzib edib. Bildirilib ki, İvanişvili və ailə üzvlərinə qarşı sanksiya tətbiq edilməyib: “ABŞ-nin Maliyyə Nazirliyi bütün maliyyə sanksiyaları barədə məlumatları ictimaiyyətə açıqlayır”.

Onu da xatırladaq ki, 2023-cü il dekabrın 30-u “Gürcü arzusu” partiyasının qurultayı zamanı 67 yaşlı B.İvanişvili fəxri sədr seçilib. Bununla da, milyarder və ölkənin keçmiş baş naziri 3 illik fasilədən sonra siyasətə qayıtdığını elan edib. O, siyasi fəaliyyətini 2021-ci ilin əvvəlində başa vurmuşdu. Belə ki, o bu zaman “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının rəhbəri postunu tərk edib və siyasətdən getdiyini açıqlayıb.

İvanişvili 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər Gürcüstanın Baş naziri olub.