“Qafqazinfo” müsahibəni ixtisarla təqdim edir.
- ABŞ-Azərbaycan münasibətlərinin durumu necədir?
- Azərbaycanla ABŞ arasında münasibətlər yaxşıdır və biz Azərbaycanla güclü tərəfdaşlığımızı davam etdiririk. Biz Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləməkdə davam edirik. Ölkələrimiz arasında müzakirə olunan çoxlu məsələ var. Onların sırasında xüsusilə demokratiyaya aid məsələlər var. Biz bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirəcəyik.
Eyni zamanda biz hər iki ölkənin ortaq maraqları üzrə fəaliyyətimizi davam etdiririk. Bunların sırasında geosiyasi sabitlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, terrorizmə qarşı birgə mübarizədə əməkdaşlığı göstərmək olar. Eyni zamanda Əfqanıstanla bağlı ölkələrimiz arasındakı əməkdaşlığı da yüksək dəyərləndiririk.
Biz iqtisadi sahədə də əməkdaşlığımızı davam etdiririk. Bura yalnız enerji məsələləri daxil deyil, biz eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsi üçün qeyri neft sektorunun inkişafına da köməklik göstəririk.
Bir çox ölkələr arasında qarşılıqlı əlaqələrdə mürəkkəb məqamlar olur. Biz çalışırıq ki, əlaqələrimizdə balansı qoruyaq. Ortaq maraqlarımız üzrə fəaliyyətimizi davam etdirməklə yanaşı, mürəkkəb məsələlərdə də irəliləyişə nail olaq.
- Son günlər ABŞ-Azərbaycan münasibətlərində daha bir məqam diqqəti çəkir. Söhbət ABŞ Senatının iki əməkdaşı və jurnalist Xədicə İsmayıl barədə yaranan qalmaqaldan gedir. Senat təmsilçilərinin Azərbaycana gəlməsi, burada görüşlər keçirməsi böyük qalmaqalla nəticələndi. Faktiki bu şəxslər Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olundu. Sizin bu məsələyə münasibətiniz?
- Əvvəla, mən bu hadisəni qalmaqal kimi qiymətləndirməzdim. Çünki ortada baş verəni qalmaqal adlandırmaq üçün kifayət qədər əsas yoxdur. Mən əvvəl də qeyd etmişdim ki, Senatın iki əməkdaşının səfəri ilə bağlı irəli sürülən iddialar o qədər cəfəng və yanlışdır ki, onlara münasibət bildirməyə belə dəyməz. Onu da əlavə etmək istəyirəm ki, bu cür iddiaları irəli sürən şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq, sarsıtmaq istəyirlər. Düşünürəm ki, bizim ona yol verməməyimiz önəmlidir. Biz ortaq maraqlarımıza aid məsələlər üzrə işimizi davam etdirməliyik. Fikir ayrılığının olduğu demokratiya ilə bağlı məsələlərdə də əməkdaşlığımızı davam etdirməliyik. Biz bunu yalnız o halda edə bilərik ki, aramızda güclü, konstruktiv münasibətlər olsun. Əgər biz müəyyən şəxslərə ölkələrimiz arasında əlaqələri pisləşdirməyə imkan yaratsaq, o zaman dediyimiz o məqsədləri həyata keçirə bilmərik.
- Azərbaycan hazırda seçim qarşısındadır. Bir tərəfdən Avroatlantik məkana inteqrasiya, digər bir tərəfdən isə Putin Rusiyasının Gömrük Komitəsi var. Sonuncu bu və ya başqa formada Sovet İttifaqını yenidən bərpa etməyə çalışır. Sizcə, Qərb Azərbaycanın Avrointeqrasiya istiqamətində ciddi addımlar atmasına nə dərəcədə kömək edə bilər?
- Hesab edirəm ki, burada söhbət Qərbin Azərbaycanı hər hansı bir tərəflə əməkdaşlıqdan yayındırmaq və ya çəkindirmək cəhdlərindən getmir. Azərbaycan özü qərar verməlidir. Azərbaycan bu seçimi edərkən nə Rusiya, nə Avropa Birliyi, nə də ABŞ tərəfindən təzyiqə məruz qalmalıdır. Bu elə bir oyun deyil ki, burada tərəflərdən biri hər şeyi uduzmalı, digər bir tərəf isə hər şeydə qalib olmalıdır. Rusiya Azərbaycanın qonşusudur. Bəllidir ki, bu iki dövlət arasında uzunmüddətli tarixi əlaqələr olub. Rusiya ilə Azərbaycan arasında yaxşı əlaqələr olmalıdır. Eyni zamanda Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə ticarət, tərəfdaşlıq əlaqələri olmalıdır. Bu istər Avropa Birliyi olsun, istər ABŞ, istərsə də başqa bir dövlət. Bu, Azərbaycanın marağındadır. Azərbaycan hər hansı bir təzyiq olmadan seçimini etməlidir.
- Cənab səfir, bildirdiniz ki, Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən, demokratiya ilə bağlı əlaqələr var. Amma təəssüflər olsun ki, bu sahədə durum son zamanlar olduqca pisləşib. Həbslər davam edir, QHT-lərlə bağlı qanunvericiliyə xeyli sayda mürtəce dəyişiklik edilib. Bunlar Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə ciddi problemlər yaradacaq dəyişikliklərdir. Bu məsələlərlə bağlı ABŞ hökuməti Azərbaycan iqtidarı ilə müzakirələr aparırmı və vəziyyət dəyişə bilərmi?
- Bəli, sizin qaldırdığınız bütün məsələləri müzakirə edirik. İlqar Məmmədovun, Tofiq Yaqublunun, “Nida”çıların, Anar Məmmədlinin məhkəmə işləri, eyni zamanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri müntəzəm olaraq qaldırmışıq və bu istiqamətdə davam edəcəyik. Ümidvarıq ki, bu məsələlərlə bağlı müəyyən irəliləyiş əldə olunacaq. Azərbaycan hakimiyyəti ilə burada sadalanmayan digər məsələlərlə də bağlı da əməkdaşlıq edirik.
- ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları ilə bağlı hesabatına qarşı hökumət nümayəndələri çox ciddi təpki göstərdi.
- Biz Dövlət Departamentinin hesabatının arxasında dayanırıq. Biz düşünürük ki, hesabatda düzgün məlumatlar əks olunub. Hesabatda baş vermiş müsbət, pozitiv məqamlar barədə də məlumat vermişik. Hesabatda korrupsiyaya qarşı mübarizə halları, yaradılmış “Asan xidmət” haqqında yazmışıq. Düşünürük ki, bu, müsbət təşəbbüsdür. Ötən illər ərzində insan alverinə qarşı mübarizə istiqamətində baş vermiş irəliləyişləri də qeyd etmişik və digər müsbət məqamları qeyd eləmişik. Amma eyni zamanda bizi narahat edən məsələləri də orada qaldırmışıq. Biz bu məsələləri Azərbaycanı tənqid etmək, utandırmaq üçün qaldırmamışıq. Biz ona görə bu məsələləri qabartmışıq ki, bunlar bizi maraqlandırır və bizim üçün önəmlidir. Biz istəyirik ki, Azərbaycanla bu istiqamətdə işimizi davam etdirək və Azərbaycan demokratik, bazar yönümlü ölkə kimi öz potensialına tam nail olsun. Bizi ən çox maraqlandıran məsələ Azərbaycanın uğurudur.
- Hesabatda diqqət çəkən məqamlardan biri də budur ki, 2013-cü ildə Azərbaycanda prezident seçkisi keçirilsə də, ölkə vətəndaşları növbəti dəfə dinc yol ilə hakimiyyəti dəyişmək imkanından məhrum edildilər. Azərbaycan vətəndaşı dinc yol ilə hakimiyyəti dəyişməkdən məhrumdursa, başqa nə edə bilər?
- Bir daha qeyd etmək istəyirəm ki, biz Dövlət Departamentinin hesabatının arxasında dayanırıq. ABŞ hökumətinin niyyəti Azərbaycanda hakimiyyəti dəyişmək deyil. Azərbaycandakı seçkilər Azərbaycan xalqının işidir. Biz inanırıq ki, daha açıq, plüralist, güclü vətəndaş cəmiyyətinin olması həm Azərbaycan, həm də digər ölkələr üçün faydalıdır.