“Qafqazinfo”nun verdiyi xəbərə görə, müzakirələrə deputatlar, QHT və partiya sədrləri qatılıb.
Tədbirdə çıxış edən millət vəkili Səməd Seyidov bildirib ki, dinləmələr Azərbaycan-Amerika münasibətləri konteksində insan hüquqları, enerji və təhlükəsizlik problemlərinə həsr olunub: “Azərbaycanla ABŞ münasibətlərində strateji əməkdaşlıq mühüm yer tutur. Mövcud çağırışlara cavab verən, regionda və dünyada baş verən proseslər konteksində müzakirələrin aparılması çox vacibdir. Azərbaycan dünya ölkələri içərisində öz yerini tutub. 2001-ci ildə ABŞ-da terror aktı törədildi və Azərbaycan da terrorla mübarizəyə qoşuldu. Bu gün Azərbaycan əsgəri Əfqanıstanda mübarizə aparır. Azərbaycan ABŞ-la birlikdə terrora qarşı mbürizədə iştirak edir. Azərbaycanın da Amerikadan ən böyük gözləntisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ABŞ ATƏT-in Minsk qrupunda təmsil olunur. Azərbaycanın ABŞ-dan ikili standartların aradan qaldırılması ilə bağlı gözləntiləri var”.
Qeyd edək ki, bu eyni mövzuda ikinci tədbirdir. Bu ilin yanvarın 15-də QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ABŞ-a dair dinləmələr keçirilib.
***
Politoloq Elman Nəsirov bildirib ki, Azərbaycan Amerika münasibətləri bildiyimiz kimi starteji əhəmiyyət daşıyır: “Amma bildiyimiz kimi strateji əməkdaşlıq bir tərəfin iştirakı ilə mümkün olmur. Bildiyimiz kimi, Əsrin müqaviləsində 20,7 faiz Amerikanın payına düşür. Azərbaycan hərb təhlükəsizlik məsələsində Amerikanın yanında olub. Əfqasıntan, İraq müharibəsində ABŞ-nın yanında olub. Amma strateji əməkdaşlıq bir tərəfin addımları ilə tamamlanmır. Bu gün Azərbaycan ictimayyəti haqlı olaraq Amerikaya sual verir ki, niyə bizim addımlarımıza ABŞ-dan cavab gəlmir. Amma Dağlıq Qarabağı məsləsində onlardan dəstək görmürük. Dünyada yeganə dövlətdir ki , Amerika Qondarma Dağlıq Qarabağa yardım göstərir, özü də bunu rəsmi şəkildə edir. 1997- ci ildən qondarma rejimə 150 milyon dollar maliyyə yardımı göstərib. İşgalçı dövlətə isə yardımı 2 milyard manat edir. Amerika Azərbaycanı necə tərəfdaş hesab edir ki, Amerikanın beş ştatında qondarma rejimi tanıyıblar. Hesab edirəm ki, Amerikanın siyasətində dəyişiklik olmasa, iki tərəfli münasibətləri çox ciddi sınaqlara çəkmiş olacaq”.
***
Millət vəkili Çingiz Qənizadə bildirib ki, Amerikada zəncinin öldürülməsi prosesində 52 jurnalist polis zorakılığına məruz qalıb, onlardan 21-i həbs edilib: “13 halda jurnalistlərə tapança ilə təhdidlər olub. 7 halda isə gözyaşardıcı qazdan istifadə edilib. Özlərinin eyiblərini görmürlər. Amma bütün dünyada insan haqlarından bəhs edirlər. Özlərində bu haqlar tam düzələndən sonra başqa dövlətlərə söz deyə bilərlər. Başqa dövlətlər özlərini bizə nümunə göstərə bilməzlər”.
***
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Biz Amerikanı Minsk Qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik: “ Amerikada güclü erməni diasporası var. Qonrama Dağlıq Qarabağa Azərbaycandan üç dəfə çox yardım edilib. Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə, mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür”.
***
Millət vəkili Zahid Oruc deyib ki, Amerikada dinləmələr qatılanlar açıq şəkildə Azərbaycana qarşı sərt mövqe tutublar, amma bu tədbirə qatılanlar münasibətlərə töhfə verən çıxışlar edirlər:” Amerika Azərbaycanı antirusiya blokuna qoşmaq istəyirlər, İrana qarşı mövqe tutmasını istəyirlər. Azərbaycandan çıxmış fondlar demokratiyaya investisiya yatıran fondlar deyildi. Onlar sadəcə legioner hazırlayırdılar. Əgər həmin fondlar Azərbaycana dönmək istəyirlərsə, bizim qanunlara hörmət etməlidirlər”.
***
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qeyd edib ki, Beynəlxaql Valyuta Fondunda Amerika 18 faiz səsə malik olan dövlətdir: “İstədiyi vaxt qərarlara veto qoya bilir. ABŞ 570 milyard dollar hərbi büdcəyə malik olan dövlətdir. O hərbi xərclərinə görə dünyanın lideri kimi çıxış edir. Hesab edirəm ki, Azərbaycan Amerikanın bu üstünlüklərindən istifadə etməlidir. ABŞ heç bir halda Azərbaycanın düşməninə çevrilməməlidir. Bu günki tədbirdəki çıxışlar da ölçülü- biçilidir”
Günel Türksoy