ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən Ceyms Uorlik növbəti dəfə ölkəsinin siyasi məqsədini ortaya qoydu. Onun APA-ya verdiyi müsahibəsi Dağlıq Qarabağın erməni icmasının beynəlxalq subyekt kimi tanınması üçün ABŞ-ın maraqlı olduğunu bir daha ortaya qoydu.
Sitat: “Danışıqlar prosesində Dağlıq Qarabağ əhalisinin maraqları nəzərə alınmalıdır. Məhz bu səbəbdən həmsədrlər Dağlıq Qarabağa səfər edir, de-fakto rəhbərlik və icmanın digər üzvləri ilə görüşür”.
Cənab Uorlikin bu fikirlərini tam səmimi qəbul etmək olardı. Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri belə görüşləri Dağlıq Qarabağın azərbaycanlı icması ilə də keçirsəydi. Təəssüf ki, belə görüşlər keçirilmir.
Dağlıq Qarabağın erməni icmasını beynəlxalq subyekt kimi tanınması üçünü aparılan siyasətin xırdalıqlarına diqqət yetirən zaman məsələnin ən maraqlı məqamları ortaya çıxır.
Ötən il Minsk Qrupunda ABŞ-ın sabiq təmsilçilərindən biri Kerri Kovano ilə görüşüm zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının durumunu ilə bağlı fikir mübadiləmiz olmuşdu. Cənab Kovano Minsk Qrupunda fəaliyyət göstərdiyi zaman danışıqların 1(+1)+1(+1) formatında aparıldığını bildirmişdi. Yəni Azərbaycan və Dağlıq Qarabağın azərbaycanlı icması + Ermənistan və Dağlıq Qarabağın erməni icması.
Yada salım ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha yaxın olan vaxt, 1998-ci ildə danışıqlar məhz bu formatda aparılırdı.
Əslində Ceymis Uorlikin səsləndirdiyi fikirlər son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərdə baş verən çox ciddi dəyişikliyin inikasıdır.
Yuxarıda qeyd etdim ki, bir vaxtlar danışıqlarda Azərbaycan və Ermənistanla yanaşı hər iki icmanın nümayəndələri də iştirak edirdi. Daha sonra icmalar danışıqlardan kənarlaşdırıldı. Bunun ardınca həmsədrlərin regiona səfərlərində Dağlıq Qarabağı ziyarət etsələr də azərbaycanlı icması ilə görüşlər təxirə salındı. Son iki ildə isə təkcə Minsk Qrupu həmsədrlərinin deyil, digər Avropa strukturlarının da nümayəndələri ya Dağlıq Qarabağa səfər edir, ya da Ermənistana səfər zamanı Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüşür.
Artıq prosesin növbəti mərhələsi başlayıb. Artıq beynəlxalq vasitəçilər “Dağlıq Qarabağın de-fakto rəhbərliyi” ifadəsini işlətməkdən çəkinmir.
Cənab Uorlikin son müsahibəsində ifadə etdiyi fikirlərdə təəssüf doğuran təkcə bu deyil.
ABŞ təmsilçisi fikrini belə əsaslandırır ki, danışıqlar prosesində Dağlıq Qarabağ əhalisinin maraqları nəzərə alınmalıdır.
Doğurdanmı, ABŞ-ı təmsil edən cənab Uorlik bu gün Ermənistana rəhbərlik edən şəxslərin məhz Dağlıq Qarabağı təmsil etdiklərini bilmir?
Əlbəttə ki, bilir. Ancaq ABŞ-ı təmsil edən Ceyms Uorlik Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün ermənilərə siyasi-diplomatik himayədarlıq edir. Vəssalam.
Təsadüfi deyil ki, Azərbaycanda faktaraşdırıcı səfərdə olan AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Valter Ermənistan tərəfinin nəzərdə tutulan məruzənin ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmasını istədiyini bildirib.