Abşeronda Anım Günü qeyd edildi - Fotolar

abseronda-anim-gunu-qeyd-edildi
Oxunma sayı: 1216

Abşeron rayonunda 27 sentyabr - Anım Günü qeyd edilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə rayon ərazisində geniş ağacəkmə aksiyası keçiriblər. 520 ədəd şam və zeytun ağacları əkilib. Bundan sonra iştirakçılar Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsi anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış “Şəhidlərin xatirəsinə” Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Abşeron rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii hissə ilə davam etdirilib. İncəsənət nümayəndələrinin hazırladığı müxtəlif nömrələr, vətənpərvərlik şeirləri və mahnıları oxunub.

Bildirilib ki, 44 gün çəkən II Qarabağ müharibəsi zamanı şəhidlərimizin qisası tam şəkildə alınıb. 

Sonda İ.Gülməmmədova şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.