Abşeronda mənzildə yanğınla nəticələnən partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Saray qəsəbəsində mənzillərin birində qeydə alınıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
“Oxu.az”ın hadisə yerindən lentə aldığı görüntüləri təqdim edirik:
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi yeni məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar hadisə yerinə cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
***
FHN-dən bildirilib ki, hadisə zamanı ondördmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzildə yanğına səbəb olan partlayış dalğasının təsirindən mənzilin pəncərə çərçivələri yerindən çıxaraq binanın həyətində park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub, mənzilin giriş qapısının yerindən çıxması nəticəsində binanın sərnişin və yük liftlərinin qapıları deformasiyaya uğrayıb.
Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış ev sahibi, 2000-ci il təvəllüdlü F.Həsənzadə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 25 nəfər bina sakini təxliyə edilib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.