Abşeronda Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi - Fotolar+Video

abseronda-heyder-eliyevin-100-illik-yubileyi-qeyd-edildi
Oxunma sayı: 1889

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Liderin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, 2023-cü il Azərbaycan üçün mühüm tarixi hadisələrin ildönümü ilə əlamətdardır. Qeyd edil ki, bu il həm də Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur. Eləcə də bu il Azərbaycan Prezidenti İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili tamam olacaq.

RİH başçısı vurğulayıb ki, bu ilin ən mühüm əlamətdar hadisəsi isə heç şübhəsiz xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyidir. 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan olunduğunu xatırladan başçı Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olan bu qərarın bütün cəmiyyətimizin minnətdarlığı ilə qarşılandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.