Abşeronda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edildi - Foto

abseronda-milli-tehlukesizlik-orqanlarinin-yaradilmasinin-100-illiyi-qeyd-edildi
Oxunma sayı: 3539

Bu gün Abşeron rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü qeyd edilib. 

“Qafqazinfo” xəbər verir ki, Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini anıblar. Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərin əks olunduğu sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH-nin başçısı İ.Gülməmmədova ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğunu xatırladaraq DTX əməkdaşlarını təbrik edib. Onun sözlərinə görə, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Nazirliyinin tərkibində Baş Qərargahda Kəşfiyyat və Əks Kəşfiyyat Bölməsi yaradılıb. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti Əks-İnqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul edib. Lakin 1920-ci ilin aprel hadisələrində Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət qurumları ilə bərabər Əks-İnqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırıb. İcra başçısı vurğulayıb ki, Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə bu qurumun inkişafı surətlənib. 

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayonu YAP Qadınlar Şurasının sədri Teyyubə Hüseynova, Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Rahib Seyidov və digərləri çıxış edərək

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar. 

Sonda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin bir sıra əməkdaşları Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.