Mövzuya başlamazdan öncə hörmətli oxucuların bir-neçə yerli iradına aydınlıq gətirmək istəyirəm.
Dəfələrlə vurğulayırsınız ki, qrammatik səhvlərə yol veririk. Və yazının mahiyyətinə varmadan, sanki sizi maaşlı işçi kimi tutublar ki, nə olur olsun bir hərf səhvi tapasınız. Bəli, razılaşıram ki, qrammatik səhvlər olur. Üstəgəl təəssüf ki, mütaliəmizin çoxunu türk dilinə tərcümə olunmuş kitablarla etdiyimiz üçün nəzərə alın ki, dırnaq içində yazılan hər sözün orijinal bir adı və ya tərcüməsi var. Digər tərəfdən demək istəyirəm ki, yazıçının oxucuya istənilən ölkədə qrammatikanı öyrətmək və aşılamaq kimi bir öhdəçiliyi yoxdur. Bu redaktorların işidir. Şəxsi redaktor tutmaq isə yalnız kitab dərcində mümkündür. Nəinki redaktor tutmağa, əslinə qalsa ehtiyac olmasa tənqidi məqalə, kiməsə ağıl öyrədircəsinə görünən yazılar yazmağa heç həvəsli deyilik. Sırf monoloq, epiloq, etüd, təmsil, şeir, hekayə və s. ədəbiyyata birbaşa dəxli olan şeylər yazmaq keçir könlümüzdən. Yəni anlayıram, doğrudur ki, saytda məqalə düzgün yayımlanmalıdır, ancaq bu idman, xəbər və s. kimi bölmələrlə əlaqəlidir əksərən. Yəni qrammatik səhv edərək yazıçı olmaq olar, amma qrammatikası qüsursuz olan istedadsız birinə yazıçı demək olmaz. Dediyim odur ki, biz Azərbaycan dili müəllimi deyilik, biz yazarıq. Çox adam düzgün qrammatika ilə yaza bilər, amma hər adam yazı yazmaq istedadına malik ola bilməz. Məsələn, Dostoyevski kimi yazarın dörd redaktoru olub. Yəhudilər onun hər cümləsini ələkdən keçiriblər. Bizdə isə bu imkan yoxdur. Onsuz da yazmaq əzmim qırılmır, rica edirəm əsəblərinizi qoruyub, yanlışlıqlarımızı “mazur” görün. Robot deyilik. Biz də yanlışlıqlar etmək haqqına sahibik. Yazının mahiyyətinə varmadan, qaniçərcəsinə yazıdakı hərf səhvindən və ya yazıçının barbi kuklasına, yoxsa nəyə oxşaması oxucunu narahat edirsə, deməli məqsəd sırf pis bir şey axtarmaqdır. Yazarın təxəyyülünə, yazısının mahiyyətinə varmaq deyil. Axı savadlı, mədəni, intellektli bir oxucunu yazarın görkəmi niyə narahat etməlidir? Nə edək? Gedək özümüzü çirkinləşdirək ki, oxucu yazarın görkəminə eqoistcə yanaşmasın? Bu sizin əlaqəsiz tənqidlərinizlə bağlı hörmət əlaməti olaraq yazdığım sonuncu yazıdır. Əslində mətləbin bu söhbətlə heç bir əlaqəsi yoxdur. İndi keçək mətləbə. Bir-neçə cümlə ilə Azərbaycan xalqının qara camaatının halına yanıb, yazını yekunlaşdıracam.
Yaydır, istilər insanın fələyini kəsir. İl boyu işləmək enerjimizi tükədib. Hamı istəyir ki, ailə-uşağını götürüb 3-5 günlük hansısa səfalı guşəmizə istirahət etməyə getsin. Bu günlərdə Quba, Zaqatala, Nabran və s. kimi istirahət zonalarımızda yerləşən motel və günlük gecələmə “kakatej”lərinin qiyməti, yemək, yolkənarı samovar çayı içmək pulunu hesabladım. Baxdım ki, ölkə xaricinə getsək daha ucuz başa gələcək. Vətənimin torpağını hər harınlamış bir vəzifəli zat hasara alıb ki, bu məkan mənimdir. Mənim kommersiya maraqlarıma, ölkənin isə turizm inkişafına xidmət edir. Belə olan halda düşünürəm ki, Qarabağı elə verməsələr yaxşıdır. Sabah Qarabağa, öz dədə-baba yurduma da gedib pulsuz istirahət edə bilməyəcəkdim. Hasarlayacaqdılar ki, bəs bura mənim kommersiya obyektimdir. Əlim ətəyimdən uzun yenə bu ağacdan qıtlıq çəkən Bakıda oksigen udmağa çalışmaq mübarizəsi aparacaqdım. Gün başımıza döyə-döyə bir kölgəsiz ağac tapmadan harda ürəyimiz dayandı-dayandı. İndi deyirəm ki, yaxşı, bunu hardasa başa düşməyə çalışıram ki, o iaşə obyekti, bilmirəm neçə ulduzlu motellərinə pul xərcləyirlər və bunu turizmin inkişafı ilə çıxarırlar. Amma mən Təbrizdə olanda bir şeyin şahidi oldum. Ölkədə yerli camaatla xarici vətəndaşlara çekap qiymətləri fərqli idi. Yəni, qiyməti süni şəkildə qaldırmırdılar. Dövlət qanunvericiliyinə əsasən turistlərdən fərqli olaraq yerli xalq daha aşağı qiymətlə ödəniş edir. İndi olmazmı ki, öz torpağında pulla istirahət edir, cəhənnəm. Amma bu özəl obyektlərə dövlət səviyyəsində xəbərdarlıq edilsin ki, yerli camaata daha münasib qiymətlərlə xidmət göstərilsin. Bəs bu adamlar haranın daşını başına salıb kölgələnsinlər? Bu fəhlə, qara camaatın heçmi haqqı yoxdur istirahət etsin? Adicə o Bulvar, Malakan, Nizami küçəsindəki otluqlarda belə oturub dincəlməyi də bizə çox görürlər. Öz başıma gələn bir hadisəni danışım. Qonşu saytların birində bir rubrikaya görə dəvət olunmuşdum. Sahilə üz tutduq. Elə bu şəkildə gördüyünüz ağaca söykəli şəkil çəkdirirdik, otluğa yönəldiyimiz 5 dəqiqə deyildi ki, bir əlində ratsiya, mühafizəçi geyimli, balkon qarınlı, 30-35 yaş ararsı mühafizəçi əlini kobud şəkildə bizə doğru uzadaraq "otluğun üstündə oturmayın"- deyə çığırmağa başladı. O yaxınlaşana qədər fotoqrafa dedim ki, sən işini gör. Bizə çatanda özümü və qonşu saytın əməkdaşını təqdim etdim. İrad olaraq bildirdim ki, danışıq tərzinizə görə üzr istəyib, bizə izah edin görək bu otluq 5 dəqiqəlik şəkil çəkdirmək üçün belə deyilsə, xaricdə insanların istirahət etmək üçün sərələndiyi bu çəmənliklər nə üçündür? Qanunvericiliyimizin hansı maddəsində göstərilir ki, otluğun üstündə oturmaq, şəkil çəkdirmək qadağandır? Çəmənlikdə şəkil çəkdirməyək də, gedib zibil qutusunun, ayaqyolunun yanındamı şəkil çəkdirək? Yoldaş bizim elə də uşaq olmadığımızın fərqinə varıb, üzr istəyərək bildirdi ki, bəs biz kimik ki, Bulvar idarəsindən belə tapşırıq verilir. Dedim ki, indi deyək ki, sizə belə tapşırılıb. Bəs bura zombixanadırmı, inək-buzovmu örüşdən endirirsinizmi ki, belə kobud xitablarla vətəndaşa səslənirsiniz? İndi biz haqq-hüquq bilirik deyə bu təhqirinizə görə üzr istəyirsiniz. Bəs elə bu xalqı belə basdalayıb, heyvan yerinəmi qoymaq lazımdır? Dedi, bağışlayın. İnanın ki, mədənicə söz deyəndə xalq elə bil eşitmir. Kobud danışmağa məcbur qalırıq. Kameraları göstərib əlavə etdi ki, biz belə etməsək hər iş günümüzdən 5 AZN çıxılır.
Dolayısı ilə bu xalqı hər tərəfli minib-çapırlar. Həm istirahətlərinə mane olurlar, həm məmurunun pulunu kəsirlər ki, bəs adam yerinə qoyma, hər zaman əz bu insanları. Yəni, zəncirvari cahil, qaba, canını dişinə taxıb hər şeydən bezmiş, bir-birini didmək üçün 3 gün ac saxlanılmış vəhşi canavar kimi münasibət göstərirlər. Hə, bir də ölkədə quru yeri qurudub, indi də bu istidən can qurtaran istirahətimiz olan dənizimizə də dədə malı kimi əl qoyublar. Sumqayıt camaatı buna yol verməyib deyə bir Sumqayıt, bir də Qaradağ rayonundakı sahil qəsəbəsi çimərliyində çimməyi guya bizi düşündüklərindən zərərli və qeyri-təmiz adlandırırlar ki, insanlar qorxudan oralara üz tutub, pulsuz istirahət etməsinlər. Axı bu Şıxovla Sahil çimərliyi bir-birinə birləşmir? Necə olur ki, axan suyun bir tərəfi çirkli, digər tərəfi təmiz qalır? Əslində isə məqsəd budur ki, insanlar gedib onların hasara aldığı çimərlik tərəfdə çimsinlər ki, giriş, stol pulu, yemək xidməti və s. kimi şeylərdən yenə bizim pullar bunların ciblərinə axsın. Bu ölkənin nəinki qara qızılı, Allahının otu, dənizi də bu xalqın rifahına xidmət etmir. Yəni ki, başımıza salacaq bir daşımız da yoxdur kölgələnək. Altınızdakı daşdan bərk yapışın, bir də gördünüz gəlib onu da altınızdan çəkdilər ki, kim istəsə pulla gəlsin otursun.
Yəni, belə potensiallı insanların hərf səhvi ilə yazmaq əzmini sındırmağa çalışmayın. Onsuz da bizi sındığımız qədər sındırıblar. Hansı gününüzə yaraşır ac hərflər, bu problemlərin içində batdığınız vaxtda? İmkan verin bizim üçün yazaq. Xoş istirahətlər.