AÇ üçün ən çox azarkeş hansı stadionlara gələcək? - BOS ön sıralarda

AÇ üçün ən çox azarkeş hansı stadionlara gələcək?
Oxunma sayı: 1490

AFFA UEFA-nın Avropa çempionatının Bakıda keçiriləcək matçlarına azarkeşlərin buraxılması ilə bağlı tələbinə cavab verib. “Qafqazinfo”nun məlumatına görə, federasiya qitə futbol qurumuna stadiona 50 faiz azarkeş buraxılacağına dair təminat göndərib. 

Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionunun 70 minə yaxın tutuma malik olduğunu nəzərə alsaq, arenaya 35 minə qədər azarkeşin gəlməsinə icazə veriləcəyi gözlənilir. 

Qitə çempionatının keçiriləcəyi digər stadionlar da bu təminatı verib. Lakin digər ölkələrin əksəriyyəti daha az sayda azarkeşlərin arenalara buraxılacağını bildirib. 

Gəlin digər arenalara nəzər yetirək:

Londonun “Uembli” stadionunda 21 iyuna qədər 10 min, ondan sonra isə qeyri-məhdud sayda azarkeşə tribunalarda yer tutmaq üçün icazə verilib. Stadionun tribunaları 90 min fanat tutut. 

Şotlandiyanın Qlazqo şəhərinin “Hempden Park” stadionu isə yalnız 25 faiz (12 min) azarkeşə icazə verilib. Arenanın tutumu 51 minlikdir.

İrlandiyanın paytaxtı Dublin şəhərindəki “Aviva Arena”ya isə minimal azarkeş buraxıla biləcəyi açıqlanıb. Bu səbəbdən arenanın adı AÇ-nin təşkilatçı şəhərləri sırasından çıxarılacaq. 

Amsterdamdakı “Yohan Kroyf Arena” da 25 faiz azarkeşə icazə verib. 54 min tutumluq stadiona təxmini 12-13 min tərəfdar gələ biləcək. 

Kopenhagendəki “Parken” stadionu da 11-12 min tərəfdar üçün təminat təqdim edib. Arena 38 min azarkeş tutur. 

Rusiyadakı “Sankt Peterburq Arena” 50 faiz tamaşaçıya icazə verəcək. 68 min tutuma malikdir. 

İspaniyanın Bilbao şəhərindəki “San Mames” arenasına 13 min tamaşaçı oyunları izləmək üçün gələcək. Tutumu 53 mindir. 

Rumıniyanın Buxarest şəhərindəki Milli Arenada da oyunları 13 min tərəfdar izləyəcək. Stadionun tutumu 55 min 600 nəfərdir. 

Münhendəki “Alyans Arena” isə təminatı hələ təqdim edə bilməyib. 

İtaliyanın paytaxtı Romanın məşhur Olimpiya Stadionuna 20 minə qədər azarkeş gələ bilər. Lakin bu hələ son qərar deyil. İtaliya hökuməti müzakirələri davam etdirir. 

Macarıstanın paytaxtı Budapeştdə də stadiona 50 faizdən yuxarı azarkeşin gələ biləcəyi ilə bağlı xəbərlər var. Lakin macarlar hələlik rəsmi qərarı qitə futbol qurumuna göndərməyib. 

UEFA təminat verilməsi üçün vaxtı aprelin 7-dən 28-dək uzadıb. Buna görə də yeni qərarlar ortaya çıxa bilər. Hələ ki, müzakirələr davam edir.