Ötən gün Gənc Tamaşaçılar Teatrında Azərbaycanın əlil aktyorlardan ibarət ilk və yeganə teatrı olan ƏSA-nın "Adamlar və siçanlar" tamaşası nümayiş olunub.
"Qafqazinfo" xəbər verir ki, tamaşa dünyaca məşhur amerikalı yazıçı Con Steynbekin əsəri əsasında hazırlanıb. Tamaşadan öncə ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirib: "Bizə inanan hər bir kəsə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik".
Nihad Qulamzadə tamaşanın baş sponsoru olan AccessBank-a da xüsusi minnətdarlığını ifadə edib: "AccessBank ilə tərəfdaşlıq bizə zövq verdi. Sözün əsl mənasında, AccessBank bizim hər qayğımıza qaldı. Ümid edirəm ki, bu cür münasibəti biz başqa təşkilatlardan da görəcəyik. İncəsənət sahəsinin hər bir kəsin dəstəyinə ehtiyacı var".
Daha sonra teatrın təsisçisi AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Anar Həsənovu səhnəyə dəvət edib. Anar Həsənov qeyd edib ki, Con Steynbek "Sıçanlar və adamlar" əsəri ilə dünyaya səs salıb, lakin ƏSA Teatrının kollektivi bu əsəri Azərbaycan xalqına sevdirə bilib: "Bir aktyor üçün bundan böyük nailiyyət ola bilməz. 2016-cı ilin sentyabr ayının 3-də fəaliyyətə başlayan ƏSA Teatrının heç 2 yaşı tamam olmayıb. Lakin bu teatr qısa müddət ərzində öz adını tamamilə doğruldaraq, ƏNGƏLSİZ, SƏRHƏDSİZ və AZAD teatr olduğunu sübüt etdi".
Bundan sonra tamaşa təqdim edilib.
Fəxrəddin Manafov, Mehriban Zəki, Günel Anarqızı, Rafiq Əzimov kimi incəsənət xadimləri tamaşaya və AccessBank-ın təşəbbüsünə yüksək qiymət veriblər.



Son xəbərlər
Son Xəbərlər