AccessBank maliyyə hesabatını açıqladı

accessbank-maliyye-hesabatini-aciqladi
Oxunma sayı: 924

Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan AccessBank 2019-cu ilin dördüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, rüb ərzində AccessBank-ın aktivləri 73,610 mln. manatlıq artım nümayiş etdirərək 897.886 mln. manata çatıb.

AccessBank-ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498.979 mln. manat həcmində olan xalis kredit portfeli dördüncü rübün yekununa 536.428 mln. manata yüksəlib ki, bu da 37.449 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610,958 mln. manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilib.

Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14.247 mln. manat artaraq 660.960 mln. manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159.822 mln. manat artıb. 

Dördüncü rübün sonuna bank 13.782 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76.055 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16.063 mln. manat deməkdir.

Hazırda bankın məcmu kapitalı 76.090 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26.090 mln. manat çoxdur.

Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66.35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.2 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: “Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank-ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın Noyabr və Dekabr ayları üzrə gəliri 7 mln manatdan çox olub. AccessBank müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olub. Əsas məqsədimiz sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir”.