“Açılış və bağlanış mərasimlərinin təşkilində 5 mindən çox adam işləyir”

acilis-ve-baglanis-merasimlerinin-teskilinde-5-minden-cox-adam-isleyir
Oxunma sayı: 697

Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov da  IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, o çıxışında bildirib ki, iyirmi bir gündən sonra başlayacaq İslam Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək:

"Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək istərdim ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur.

Həmçinin Oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.

Bütün idmançılar, məşqçilər, komanda rəsmiləri və texniki heyət Atletlər kəndində yerləşdiriləcək. Onu da qeyd etmək lazımdır ki, Atletlər kəndində 5544 yataq yeri var. IV İslam Həmrəyliyi Oyunları zamanı Atletlər kəndinin maksimal imkanlarının 90 faizdən çox istifadə edilməsi nəzərdə tutulur. Atletlər kəndi rəsmi olaraq may ayının 1-də açılacaq.

Oyunlar zamanı yerli iaşə podratçısı qonaqları 195 min ədəd yemək dəsti ilə təmin edəcək. Atletlər kəndində yerləşəcək 5 minə qədər beynəlxalq iştirakçının təhlükəsizlik və sağlamlıq məsələləri də bizim öhdəmizə düşür.

Oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət dövlət təhlükəsizlik orqanları tərəfindən həyata keçiriləcək. Birgə təhlükəsizlik mərkəzi hazırda Əməliyyat Komitəsinin ofisində fəaliyyət göstərir.

Oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Texnologiyanın hazırlıq səviyyəsi bütün obyektlərdə bu həftə ərzində test edilir.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb.

Oyunların 24 beynəlxalq və 17 yerli səfiri Oyunlar haqqında məlumatları geniş sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Onlar, həmçinin İslam dəyərləri haqqında ictimaiyyət arasında müsbət fikrin formalaşmasına da xidmət edirlər.

IV İslam Həmrəyliyi Oyunlarına olan böyük maraq və diqqətin nəticəsidir ki, tədbirin 8 yerli və 5 beynəlxalq sponsoru var.

Oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. Bu mərasimlər Bakı Olimpiya Stadionunda baş tutacaq. Mərasim iştirakçısı olmaq üçün 9 min azərbaycanlı gənc Əməliyyat Komitəsinə müraciət edib və onlardan 4 mini seçilib".