Acından ölmüş adam üçün 100 min manatlıq başdaşı

acindan-olmus-adam-ucun-100-min-manatliq-basdasi
Oxunma sayı: 3828


Dünyanın mədəni xəzinəsinə layiqli töhfə verməyi bacarmayan xalqlar çox vaxt sahib olduqları var-dövləti nümayiş etdirməklə təsəlli tapırlar. Ərəb şeyxlərinin dəbdəbəli həyatı bunun ən bariz nümunəsidir. Təəssüf ki, biz azərbaycanlılar da bəzən onlardan geri qalmırıq...

İyirmi birinci əsrdə yaşamağımıza baxmayaraq, cibindən çıxardığı bir dəstə pulu küçədə, ictimai nəqliyyatda həvəslə sayan adamlara hələ də rast gəlirik. Şəxsən mən 14-15 dərəcə istidə qalın kürk geyinmiş xanımlarla tez-tez qarşılaşıram. Aydın məsələdir ki, həmin xanımların məqsədi soyuqdan qorunmaq yox, özlərinin bahalı paltarlarını nümayiş etdirməkdir. O cümlədən, dağlıq relyef üçün nəzərdə tutulmuş maşınlarla Bakı küçələrində sağa-sola şütüyən kişilərin də məqsədi özlərini göstərməkdir. İnsan üstün zəkası ilə seçilməyəndə sahib olduğu var-dövləti gözə soxmaq məcburiyyətində qalır.

Bu qəbildən olan faktların sayını istədiyimiz qədər artıra bilərik. Amma bəzən elə hadisələr eşidirik ki, gedib öz gözlərimizlə görməyincə inana bilmirik. Nahaq yerə deməyiblər ki, qulaq gündə bir söz eşitməsə, kar olar.

Şərti adı Əsgər müəllim olan həmyerlimiz uzun illər kasıb həyat tərzi keçirib. Ötən əsrin sonlarında Əsgər müəllimin maddi vəziyyəti o qədər ağır olub ki, atası dünyasını dəyişəndən üç gün sonra doğma kəndlərinə gedib çıxa bilib. Anasının yanında iki gün qalandan sonra Bakıya dönsə də, maddi durumu ona atasının “qırx” mərasimində iştirak etməyə imkan verməyib.

Doğru deyiblər ki, hər qaranlıq gecənin bir işıqlı gündüzü var. Tale bir çoxları kimi sonradan Əsgər müəllimin də üzünə gülüb. Bacanağının kifayət qədər yüksək vəzifə sahibi olan bir məmurla quda olması Əsgər müəllimin məşəqqətli günlərinə son qoyub. Əvvəl ortabab bir vəzifəyə yiyələnən Əsgər müəllim üç-dörd il sonra çox gəlirli bir posta təyinat alıb. Kişi əvvəl maşınını, sonra evini dəyişib. Bakıda bir neçə obyektə sahib olandan sonra isə özü dəyişib. Məsələn, bu hadisəni mənə danışan adam deyir ki, yaxın qohum olsalar da, Əsgər müəllim ona salam vermir.

Başqasının pulunu saymaq yaxşı əlamət deyil. Şəxsən məni Əsgər müəllimin nə qədər pulunun olduğu deyil, həmin pulu necə xərclədiyi maraqlandırır. Təəssüf ki, tanışımın bununla bağlı verdiyi məlumat ürəkaçan deyil. Onun dediyinə görə, Əsgər müəllimin var-dövləti artandan sonra atasının qəbrini Bakıya köçürməyə qərar verib. O, bu məqsədlə əvvəlcə 30 min manat verib, Yasamal qəbiristanlığından böyük bir ərazi alıb. Sonra isə iki ağsaqqal molla və üç-dörd fəhlə ilə birlikdə kəndlərinə gedib. Tanışım söhbətin bu yerinə çatanda belə dedi: “Əsgər müəllim atasının qəbrini tapa bilməyib. Bu işdə ona kənddəki qohumları kömək edib”.

Beləcə, Əsgər müəllim atasının qəbrini açdıraraq, 1999-cu ildə dünyasını dəyişmiş ağsaqqalın sümüklərini özü ilə Bakıya gətirib. Dəfn mərasimi başa çatandan sonra o, atası üçün qranitdən nəhəng bir başdaşı düzəltdirib. Tanışım deyir ki, ətrafda aparılan abadlıq işləri və qəbirüstü abidənin hazırlanması Əsgər müəllimə 100 min manata başa gəlib. Deyilənə görə, Əsgər müəllimin atasının qəbrini Bakıya köçürməsi birmənalı qarşılanmayıb. Ona görə yox ki, kişi bu işə külli miqdarda pul sərf edib. Problem odur ki, Əsgər müəllim vəzifəli dostlarını üzə salıb, ildə ən azı üç-dörd dəfə özü ilə birlikdə atasının məzarına baş çəkməyə aparır.

Tanışım onu da dedi ki, Əsgər müəllimin atası üçün 100 min manatlıq başdaşı düzəltdirməsi həmyerlilərinin mərhuma olan münasibətini dəyişməyib. Hər dəfə rəhmətlik haqda söhbət düşəndə kənd camaatı belə deyir: “Yazıq kişi acından öldü”.

Ən avam adam da başa düşür ki, bahalı başdaşı ölən adama yox, onun övladlarına lazımdır. Dost-tanışa göstərmək üçün...