Bəzən elə məqamlar olur ki, ölkə vətəndaşlarının iki qütbə bölündüyü qabarıq şəkildə görünür. Ört-basdır etmələr, malalamalar öz bəhrəsini vermir.
Yenə həmin dövrü yaşayırıq. Bir tərəfdə ölüm orucu tutan gənclər və onların yaxınları, digər tərəfdə harın məmur övladları, kokteyl-kotlet məzhəkəsi, nurçular, Adnan Oktar təlaşı, telestudiyanı “palatka” toyu zənn edənlər və s.
Sosial medianı izləyənlərlə televiziya tamaşaçılarının dünyagörüşü arasında kəskin fərq var. Televiziyanın reallıqları internet mediasında, sosial şəbəkələrdə müzakirə mövzusu olduğu, qiymətləndirildiyi halda internet məkanında işıq sürətilə yayılan xəbərlərin əksəriyyəti televiziyada əks olunmur.
Ölkədə baş verənləri televiziyadan, yaxud internetdən izləməsinə görə insanları iki qütbə bölmək olur: həqiqətin və yalanın yanında olanlar. Hər kəsin evində televizor olduğu halda, kompüterin olmaması birincinin qalibiyyətini asanladırır. Yaşlı və orta nəsilin əksər nümayəndəsi internetdən uzaqdır. Demək ki, onlar ölkənin taleyində mühüm rol oynamağa qadir gənclərin, onların yaxınlarının neçə gündür ac qalmasından da bixəbərdir. Mətbəx proqramlarında buğlanan qazanlara, bişən növbənöv yeməklərə baxanda bu ölkə insanının məsələn, kokteyllə kotleti nədən səhv salmağını anlayırsan.
***
Avtobuslarda, parklarda, məhəllədə ağsaqqal, ağbirçəklərin bu zəmanədən tez-tez gileylənməsinin şahidi oluruq. Səbəb sadədir: aldıqları təqaüdlə dolanmağın mümkün olmadığını görürlər.
78 yaşlı Telli nənə televiziyadan öyrənə bilmədiklərini nəvələri vasitəsilə internetdən öyrənir. Müşahidələrinə əsasən kompüterlə televizorun fərqini belə qiymətləndirir Telli nənə: “Bu balaca qutu o yekə qutudan ağıllıdı, düz danışandı.Nə bəladırsa, yekələr yalan danışmağa meylli olur... ”
Deyir, nəvəm internetdə məmurlardan birinin şirkətlərinin adını oxuyanda mən də ürəyimdə bu ay alacağım təqüdün dərmanlarıma çatıb-çatmayacağını hesablayırdım. Mən hesabladım, bitirdim, nəvəm isə hələ o şirkətlərin adını oxuyurdu...
***
Aclıq-təkcə etiraz forması deyil. Telli nənə təqüdünü dərmana verdikdə; Adil müəllim maaşını uşaqlarının məktəb ləvazimatına, əyin-başına xərclədikdə; yazar Məmməd aldığı qonorarı evin kirayəsinə, rəssam Əhməd yaradıcılıq ləvazimatlarına, kommunal xərclərə ödədikdə ac qalır...
Son xəbərlər
Son Xəbərlər