Ad günündə Şuşada şəhid olan Nicat Qasımzadə... - Fotolar

ad-gununde-susada-sehid-olan-nicat-qasimzade
Oxunma sayı: 1912

Vətən Müharibəsi şəhidi Nicat Qasımzadə anadan olduğu gündə həm də şəhadətə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, doğum günündə şəhidimizin sakini olduğu rayonun rəhbərliyi və ictimaiyyəti nümayəndələri onun ailə üzvləri ilə görüşüblər.

Ziyarətə gələnlər şəhidin abidə kompleksinin və bulağın açılışından sonra kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.

Böyüdüyü ailədə iki bacının yeganə qardaşı olan Nicatın ad gününə hazırlanan tortu, onunla eyni gündə doğulan əkiz bacısı kəsib. Eyni səngərdə döyüşən silahdaşları şəhidimizin qəhrəmanlığından, şəxsi şücaətindən söhbət açıblar.

Qeyd edək ki, Qasımzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Həmin kənd məktəbini bitirdikdən sonra kollecə qəbul olub. Ancaq kollecdə oxumayıb, rəssamlıq bacarığı olduğundan, arzusu hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq idi.

2019-cu il yanvarında hərbi xidmətə yollanan Nicat cəbhə bölgəsindəki hərbi hissədə nümunəvi əsgər kimi xidmət göstərib. Artilleriya manqa komandiri, kiçik çavuş rütbəli N.Qasımzadə ordudan tərxis olunduqdan üç ay sonra başlayan Vətən Müharibəsində yenidən silaha sarılıb.

Şəhid Nicat Qasımzadə Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar qalmış Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub.

O, Prezidentin sərəncamı ilə "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə  təltif edilib.

Allah rəhmət eləsin!

Surxay Şahbazov