Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib - Yenilənib

tehsilde-yeni-cagirislar-v-beynelxalq-forumu-kecirilib
Oxunma sayı: 1117

Bu gün ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşır.

Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutur. 

Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir.

***

“İqlim dəyişikliyi təhsilin dayanıqlı konsepsiyasına təsir edir”.

Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru, PİSA-nın yaradıcısı Andreas Şleyxer Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bəziləri bunu texnologiya və təhsil arasında yarış hesab edir: “Texnologiya insanların bacarıq və vərdişlərindən öndə gedir. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bacarıqlı kadrlar tapmaqda çətinlik çəkilir. Dayanıqlı inkişaf üçün təhsilin olması önəmlidir. Gənclər gələcəyin qayğısına qala bilirmi? Müqavimət və tarazlılıq bu məsələdə vacibdir”.

A.Şleyxer əlavə edib ki, təhsil gənclər üçün müəyyən məlumatlılıq baxımından yaxşı imkandır: “Əvvəllər mövcud olmayan işləri bundan sonra doldura bilərikmi? Bu barədə emosional zəka önəmlidir. Gənclərin qayğısına qalmalıyıq ki, ətraf mühitin qorunması üçün maraq göstərsin. Davranış müxtəlif formalarda bizə faydalı ola bilər. Təhsil bu baxımdan gənclər üçün müəyyən məlumatlılıq üçün yaxşı imkandır. Biliklərdən düzgün istifadə etmək lazımdır. Burada da təhsil ən güclü vasitədir”.

O qeyd edib ki, planetin yaxşı gələcəyi üçün ən yaxşı sərmayə təhsildir: “Məktəbdə öyrənilənlərin heç də hamısı təəssüf ki, şagirdlərin davranışlarına təsir etmir. PİSA beynəlxalq qiymətləndirmələrin nəticələri də bunu deməyə əsas verir. Gənclər iqlim dəyişikliyinin problemlərini tək başa düşməklə kifayətlənməməlidir. Güclü öyrənmə strategiyaları mənimsənilməlidir. Onlar passiv sərnişin misalından sükan arxasına keçə biləcək şəxslərə çevrilməlidir. Başa düşməlidirlər ki, onlar fərq yarada bilərlər. Yeni iş yerləri yaratmağı bacarmalıyıq”.

***

Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sözügedən forumun təhsil haqqında müzakirələri peşəkar səviyyəyə qaldıran bir platforma olaraq əhəmiyyətini vurğulayıb və artıq 5-ci dəfə keçirilməsini yüksək qiymətləndirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin təhsil sahəsində qlobal trendlərə qoşulmaq üçün çox geniş imkanlar yaradacağına inamını ifadə edən Emin Əmrullayev məktəblərdə ətraf mühit savadlılığı ilə bağlı ölçmələr aparılmasının, yeni mədəniyyət və davranışların formalaşmasının vacibliyini vurğulayıb.
 
Daha sonra Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?" mövzusunda təqdimatla çıxış edib. O, ətraf mühitin qorunmasında gənc nəslin rolunun daha önəmli olduğunu, buna görə də ailədə və məktəbdə onların özlərinə dəyər verən şəxsiyyət kimi formalaşmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, özünü dəyərli hiss etməyən insan planetə də hörmət etməz və ona dəyər verməz.
 
Dominik Savaj bildirib ki, dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən adətən onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur. O qeyd edib ki, məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər.
Uşaqlarda yaşıl bacarıqların formalaşmasında COP29-un yaxşı bir fürsət olduğunu deyən Dominik Savaj əlavə edib ki, ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır. 
 
Forum çərçivəsində Estoniyada ekoməktəblər üzrə koordinator Maris Məgi “Ekoloji şüurlu şagirdləri necə yetişdirmək olar? Ekoməktəblərdən dərslər”, ADA Universitetinin prorektoru Vəfa Kazdal “Təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi”, pedaqogika üzrə tanınmış alim, təhsil tədqiqatçısı Özgür Bolat “Təbiət uşaqların nailiyyətlərinə və xoşbəxtliyinə necə təsir edir?” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ekoməktəblərin təcrübəsindən, fənlərarası inteqrasiyanın artırılmasının yaşıl dünya tələblərinə cavab vermək baxımından vacibliyindən, valideyn-övlad, müəllim-şagird münasibətlərindən danışılıb.
 
Beynəlxalq forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında da müzakirələr aparılıb.
 
Qeyd edək ki, forumun əsas tərəfdaşlarından biri sayılan Dünya Təhsil Forumu təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda dünya əhalisinin 80 faizindən çoxunu təmsil edən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər.

Gülnar Əliyeva