Adamın ağzını cırmaq

adamin-agzini-cirmaq
Oxunma sayı: 2157



Abel Məhərrəmov Bakı Dövlət Universitetində rüşvətxorluğun tüğyan etdiyini deyən gənc qızın üstünə qışqıranda, barmağımı dişlədim: “Tələbə qızla bu cür davranan adam ilk fürsətdə oğlanları təpiyinin altına salıb şil-küt edər”.

Bu proqnozun özünü doğrultması üçün çox gözləmək lazım gəlmədi. Abel müəllimə güvənən BDU mühafizəçiləri görüş başa çatan kimi etirazçı tələbələrin birini hamının gözü qarşısında əzişdirməyə başladılar. Beləcə, məlum oldu ki, rektor öz tələbələrinə təkcə elmin deyil, həm də adam döyməyin “sirlərini” öyrədir.

Bir müddət öncə qanunvericiliyə edilən mürtəce dəyişikliklərdən sonra Azərbaycanda adam döymək ağır cinayət sayılmır. Pulu olan istənilən adam küçədə qabağımızı kəsib, bizi əlləri ağrıyana kimi döyə, hətta ağzımızı da cıra bilər. Bircə bu dəyişikliyə səs verən deputatlardan başqa. Axı, onların toxunulmazlıq hüququ var...

Azərbaycanda güclünün zəifi döyməsi adi hala çevrildiyi üçün bu cür xəbərlər artıq heç kimi təəccübləndirmir. Bir həftə əvvəl tanımadığım nömrədən telefonuma zəng gəldi. Heç kimin yanında gözükölgəli olmadığım üçün bütün zənglərə cavab verirəm. Bu dəfə də adətimə xilaf çıxmadım. Arayan adam özünü nəzakətlə təqdim etdi: “Sizi Salyandan Esmira xanım narahat edir. Vaxtınızı aldığım üçün üzr istəyirəm”.

Cavabım qısa oldu: “Narahat etmirsinzi, xanım. Buyurun”.

Esmira xanım dedi ki, həyat yoldaşı Ceyhun Hüseynov 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Onlar sonuncu dəfə fevralın 16-da görüşüblər: “Ceyhunu görəndə gözlərimə inanmadım. O qədər döymüşdülər ki, sifəti tanınmaz hala düşmüşdü. Bədəni gömgöy idi, qulağından qan gəlirdi”.

Ertəsi gün Esmira xanımı arayıb, bəzi faktları dəqiqləşdirəndən sonra “Reytinq” qəzetinin 23 fevral 2014-cü il tarixli sayında Ceyhun Hüseynovun döyülməsilə bağlı məqalə dərc elətdirdim. Sonra isə Esmira xanımı arxayın etdim ki, narahat olmasın, əlaqədar təşkilatlar mütləq bu yazıya reaksiya verəcəklər. Təəssüf ki, ötən beş gündə Penitensiar Xidmətin heç bir əməkdaşı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Ceyhun Hüseynovla görüşərək, onun döyülməsilə bağlı iddialara aydınlıq gətirməyib. Niyə? Açığı, niyəsini mən də bilmirəm. Yəqin, Mədət Quliyev elə bilir ki, onu bu vəzifəyə ayda bir dəfə maaş almaq üçün təyin ediblər...

Biz uşaq olanda deyirdilər ki, general çinar ağacına bənzəyir, 100 ildə bir dəfə yetişir. Amma generalın çinar ağacına bənzəməsi o demək deyil ki, barsız-bəhərsiz olmalıdır, heç kimə xeyir verməməlidir. Halbuki mənim gördüyüm çinarlar insanları qışda qardan-borandan qoruyur, onun kölgəsindən yayda hamıya pay düşür. Mədət Quliyev yaxşı general olsaydı, məhbusların üstünə kölgə salar, onları zalımın şillə-təpiyindən qoruyardı...