Adı “fişinq” reklam məlumatında hallanan şirkətdən açıqlama

adi-fisinq-reklam-melumatinda-hallanan-sirketden-aciqlama
Oxunma sayı: 871

Xəbər verdiyimiz kimi, son günlər internet üzərində “Fişinq” xarakterli aldadıcı reklam məlumatları yayılır. İnternetdən istifadə edən zaman qəfil ekrana çıxan banerlərdə “Bu gün “Samsung S 10” və ya “iPhone 11 Pro”nun qalibi seçildiniz. Mükafatı başqasına verməzdən əvvəl “OK” düyməsinə klikləyin”, - mesajı çıxır. Daha sonra istifadəçiyə “hədiyyəni” əldə etmək üçün şəxsi məlumatlarla bağlı müəyyən xanaları doldurmaq təklif olunur. Bu xanaları doldurarkən istifadəçilərin bank kartları və digər hesabları ilə bağlı məlumatlar həmin saxta məlumatı yayan şəxslərin əlinə keçir. Nəticədə, şəxsin hesabından pul çıxılır. Bu cür məlumatlar bəzi hallarda AzEduNet şirkətinin adından edilir. 

Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, artıq bir neçə İnternet istifadəçisinin bu cür mesajlara aldandığı və bank kartlarından pul çəkildiyi barədə şirkətə məlumatlar daxil olub: “AzEduNet İnternet üzərində fiziki şəxslərin məlumatlarının toplanılması yolu ilə hər hansı kampaniya və müsabiqə həyata keçirmir. Yayılan “Fişinq” xarakterli məlumatlardır. Bu məlumatlarda AzEduNet-in adının hallanması yolverilməzdir. Bu əməlləri törədənlər İnternet üzərindən dələduzluq yolu ilə insanların şəxsi məlumatlarını toplamağa çalışan şəxslərdir. AzEduNet İnternet istifadəçilərini bu cür məsələlərə diqqətli yanaşmağı və şəxsi məlumatlarını etibarlılığı şübhə doğuran İnternet resurslarında paylaşmamağı tövsiyə edir”.

Qeyd edək ki, “Fişinq” İngilis dilindən tərcümədə “balıq ovu” deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə “tələ” quraraq, bu tələyə düşən internet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur yönəlir. Dələduz hansısa bir şirkətin saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar. Fişinqdən qorunmaq üçün daxil olduğunuz saytın mütləq ünvan sətrinə baxmağı tövsiyyə edirik. Çünki bu saytlar öz dizaynına və digər zahiri əlamətlərinə görə məşhur bir şirkətin və ya bankın saytına bənzəsə də, ünvan saytına baxdıqda tamamilə fərqli domen adının olduğunu görəcəksiniz.