Adına beş şirkət qurulduğunu öyrənən şəxs meşədə özünü asdı - Video

adina-bes-sirket-quruldugunu-oyrenen-sexs-mesede-ozunu-asdi
Oxunma sayı: 6716

Bir müddət əvvəl aldadılaraq adına 5 şirkət açılan Astara sakini özünü meşədə asaraq intihar edib.

"Qafqazinfo" xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaur Sovqatov rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə özünü asıb.

Onun yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, Zaur Sovqatov sosial yardım almaq üçün müraciət etdiyi Rövşən Hüseynov tərəfindən  aldadılıbmış.

Belə ki, bir neçə il öncə R.Hüseynov ona yardım almağa kömək edəcəyini deyib və etibarnamə verməsini istəyib. Zaur ona etibarnamə verdikdən sonra Rövşənin onun adına 5 şirkət açdığı və həmin şirkətlərin 30 min manat borcu yarandığı iddia olunur.

Zaur Sovqatov vergi borcu barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.

O, Xəzər TV-yə açıqlamasında deyib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Zaur Sovqatov beş şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələni qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.