“Adlar çəksəm, aləm dəyər burada bir-birinə”

adlar-ceksem-alem-deyer-burada-bir-birine
Oxunma sayı: 6986

“Bir sıra dövlət qurumlarında müavinlik institutu işləmir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. 

R.Nurullayev vurğulayıb ki, müavinlərin konkret vəzifələri var, qanunla və daxili nizamnamə ilə tənzimlənir: “Niyə işlək deyil? Elə qurumlar var ki, orada müavinlik institutu formal xarakter daşıyır. Rəhbər səlahiyyətləri və sahələri köməkçiləri, özünə yaxın adamlar arasında qeyri-rəsmi olaraq bölür. Bu, yolverilməzdir və adlar çəksəm, aləm dəyər burada bir-birinə, amma ayrılıqda bölüşə bilərəm. Amma, deyim ki, az qala 60% dövlət qurumları bu mexanizmlə işləyir”.

“İkincisi, vəzifəli şəxslər qurumun adındakı “dövlət” sözünü nəzarət və monitorinq kimi başa düşürlər. İnanın ki, hörmətli Sahibə xanım, bəzi dövlət idarələrinə imkan verilsə, hamısı istintaq idarəsi yaradar. İmkan verilsə, bir qurum içində, onlarla nəzarət və monitorinq mexanizmi yaradarlar ki, ancaq vətəndaşı, sahibkarı tutub gətirib məhşər ayağına çəksinlər. Vallah, imkan verilsə, nəzarətə də nəzarət yaradarlar. Bu qədər çək-çevir, nəzarət, monitorinq, sorğu-sual, süründürməçilik, qanuna xor baxma, öz mənafeyini dövlətin və xalqın mənafeyindən üstün tutma və özbaşınalıq kimi hallar xalqı narazı salır” , - deyə qeyd edib.

Sədr Sahibə Qafarova isə deputata irad bildirib: “Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Bu VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz?

Razi müəllim, sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız- qoçuluq və s. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz – qoçuluqda? Danışanda fikirləşin!”

Zaur Mirzə