ADNSU-da beynəlxalq konfrans işinə başlayıb

adnsu-da-beynelxalq-konfrans-isine-baslayib
Oxunma sayı: 1749

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, “Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten, NATO Parlament Assambleyasında Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, “Schneider Elektrik” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir və başqaları iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq konfransın məqsədinin energetika sahəsində tanınmış alimlərlə müzakirələr aparmaq, müvafiq istiqamətdə müəyyən problemlərin həlli yollarını tapmaq olduğunu qeyd edib. Energetika sahəsinə dövlət qayğısından danışan rektor, prof. Mustafa Babanlı bu sahənin daim cənab prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. Daha sonra rektor Mustafa Babanlı energetika sahəsində universitetdə həyata keçirilən kadr hazırlığından danışıb.

Konfransda çıxış edən NATO Parlament Assambleyasında Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak Azərbaycan və Türkiyə arasında həyata keçirilən enerji layihələrindən danışıb.

Konfransa həmçinin, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, “Schneider Elektrik” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir, Qazi Universitetinin professoru Cengiz Taplamacioğlu və digər qonaqlar da müxtəlif mövzularda çıxış ediblər.