Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Modern İnformasiya, Ölçmə və Nəzarət Sistemlərinin Problemləri və Perspektivləri” mövzusunda ilk Beynəlxalq Elmi-Praktiki konfrans öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru İsmayıl İsmayılov, akademik, texnika elmləri doktoru Telman Əliyev, Avropa Elmlər Akademiyasının üzvü, professor Kərim Allahverdiyev, ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova, “Ömür” kilinikasının müdiri Gülnarə Məmmədova, Fransanın Faranche-Comte Universitinin nümayəndəsi İsabella Lajoie, eyni zamanda Portuqaliyadan, Almaniyadan, Ukraynadan və digər ölkələrdən qonaqlar, universitetin professor-müəllim heyəti, media nümayəndələri iştirak edirdilər.
Dövlət himninin səslənməsi ilə start götürən konfransda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq müasir dövrdə informasiya texnologiyalarının yaratdığı imkanlardan danışdı.
ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova məruzə ilə çıxış edərək konfrans haqqında məlumat verdi. Qeyd etdi ki, müzakirə üçün konfransa 300-ə ayaxın məqalə təqdim olunub, onların böyük əksəriyyəti məqbul hesab olunub. Konfrans kiçik fasilələrlə 6 seksiyada davam edəcək.
Konfrans çərçivəsində AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru İsmayıl İsmayılov, akademik, texnika elmləri doktoru Telman Əliyev, Avropa Elmlər Akademiyasının üzvü, professor Kərim Allahverdiyev, Faranche-Comte Universitinin nümayəndələri - İsabella Lajoie, Elmar Yusifli və digər qonaqlar çıxış etdilər. Bildirildi ki, belə bir konfransın keçirilməsi elm aləmi üçün ciddi hadisədir və burada son dövrlərin ən aktual mövzularından olan informasiya və avtomatlaşdırma texnologiyaları, ölçmə, nəzarət sistemləri və bu istiqamətdə digər vacib məsələlər müzakirə olunur.
İki gün davam edəcək konfrans öz işini seksiyalar üzrə davam etdirir
Son xəbərlər
Son Xəbərlər