ADNSU-da Fərman Salmanova həsr olunmuş miniatür kitab təqdim olunub

adnsu-da-ferman-salmanova-hesr-olunmus-miniatur-kitab-teqdim-olunub
Oxunma sayı: 1026

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Azİİ e-Kitab Evində “Fərman Salmanov. Məqsədə doğru gedən yol” miniatür kitabının təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, çox zərif kağız işini Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova həyata keçirib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Fərman Salmanovun həyat yolu, əzmkarlığı və onun neft kəşfiyyatı sahəsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, F.Salmanov hələ gənc yaşlarından bir neftçi kimi çox böyük fədakarlıq göstərib, nə qədər çətin olsa da, o, rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə başladığı yolu uğurla sona çatdıra bilib.

Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova rəhbəri olduğu Miniatür Kitab Muzeyi, oradakı dəyərli kitablar haqqında məlumat verdikdən sonra neftçi, geoloq alim F.Salmannov haqqında danışıb. Qeyd edib ki, onun hazırladığı çoxsaylı dəyərli kitablardan biri də “Fərman Salmanov. Məqsədə doğru gedən yol” miniatür kitabıdır. Bu kitab 296 səhifədən ibarətdir, ölçüləri isə 50x60 millimetrdir. Kitabçada 30 fotoşəkil də yer alıb. 

Sonda Zərifə Salahova Fərman Salmanov haqqında miniatür kitabın bir neçə nüsxəsini və görkəmli azərbaycanlı neftçinin Qərbi Sibirdə neft hasilatı ilə bağlı fəaliyyəti ilə bağlı daha bir neçə nəşr və vəsaiti ADNSU-ya hədiyyə edib.