ADNSU-da onlayn tədrisin əhatə dairəsi 90 faizə çatır

adnsu-da-onlayn-tedrisin-ehate-dairesi-90-faize-catir
Oxunma sayı: 1241

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tədris prosesinin dayandırılması ilə bağlı olaraq martın 29-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn təhsilə başlanıb və bununla bağlı “qaynar xətt” təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu günə qədər “qaynar xəttə” daxil olan müraciətlərin rəsmi statistikasına əsasən “qaynar xətt”ə ilk gündə yüzdən artıq zəng daxil olub.

Müraciətlər əsasən onlayn təhsil, internet əlaqə, loqin və parolun istifadəsi ilə bağlı texniki problemlərlə bağlı olub. Texniki problemlərin tədricən aradan qaldırılması sayəsində hazırda “qaynar xətt”ə müraciətlərin sayında kəskin azalma müşahidə olunur.

ADNSU-da “qaynar xətt” hər gün saat 08:30-dan 18:00-dək fəaliyyətini davam etdirir, müraciətçilərin sualları cavablandırılır və problemləri həll olunur. 

ADNSU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına görə isə universitet üzrə bakalavr pilləsində əyani şöbədə 10,662 nəfər, qiyabi şöbədə 317 nəfər, magistratura səviyyəsində isə 1,328 nəfər tələbə onlayn tədris prosesinə cəlb edilib.

Qeyd edək ki, dərslər mühazirə və məşğələ formatında aparılır (laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında təşkil olunub). Onlayn tədrisin əhatə dairəsi günlərdən asılı olaraq 82-88% təşkil edir.