ADNSU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

adnsu-da-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-anilib
Oxunma sayı: 736

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, oflayn qaydada Xocalıdan olan tələbələrin və onların valideynlərinin iştirak etdiyi tədbirə onlayn qaydada universitetin onlarla professor-müəllimi də qatılıb. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər haqda danışaraq Xocalı soyqırımını müstəqil Azərbaycanın tarixində ən dəhşətli faciələrdən biri kimi dəyərləndirib. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və bütövlükdə Azərbaycanın dəmir yumruğu sayəsində 30 ildir ki, düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən professor Mustafa Babanlı Xocalıda şəhid olanların ruhunun bu qələbə ilə şad olduğunu diqqətə çatdırıb.

Daha sonra Xocalı soyqırımının şahidləri başlarına gələn qanlı hadisələrdən, yaxınlarına, ailə üzvlərinə qarşı törədilən dəhşətlərdən söz açaraq 29 il öncəki acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. 

Xocalıdan olan ADNSU-nun tələbəsi Aytac Quliyeva çıxış zamanı soyqırımı haqqında valideynlərindən, müəllimlərindən eşitdiyi dəhşətlərdən danışıb.