AFFA “İnter”ə “yox” dedi

affa-intere-yox-dedi
Oxunma sayı: 964


“Qafqazinfo” xəbər verir ki, iclasda  “İnter” klubu (futbolçu Sezar Meza Kolli və  məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan”ın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu  (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə  baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “İnter ” müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “Mil-Muğan”nın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər  6 aylıq cəzadan isə 1 illik  sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi  Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Qeyd edək ki, Topaz Premyer Liqasının 23-cü turunda Şüvəlanda baş tutan və qalmaqalla yekunlaşan AZAL – “İnter” matç başa çatdıqdan sonra “bankirlər”in futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klubu isə 2000 manat cərimə olunmuşdu. Bundan başqa “İnter”in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb. Onun bu hərəkəti “İnter”ə 10 min manata başa gəlmişdi. Qarşılaşmadan sonra komanda insidentdə iştirak etdiyi üçün də 3 min manat cərimə olunmuşdu.