Xəbər verdiyimiz kimi, avqustun 10-da Bakıda avrokubokların 3 oyunu keçiriləcək. UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”ın ev oyunlarının eyni gündə Bakıda keçirilməsinə qərar verib.
AFFA oyun günlərinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etsə də, müsbət nəticəyə nail ola bilməyib.
Bunu “Qafqazinfo”ya açıqlamasında qurumun mətbuat katibi Elnur Məmmədli deyib:
“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.
Qeyd edək ki, avqustun 10-da Azərbaycan paytaxtında Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah” “Partizan”ı, “Neftçi” “Beşiktaşı”, Avropa Liqasının 3-cü təsnifat mərhələsində isə “Qarabağ” HİK-i qəbul edəcək.
Son xəbərlər
Son Xəbərlər