Ağ şeytan Kristinaya məktub

ag-seytan-kristinaya-mektub
Oxunma sayı: 1903


Əvvəlcə deyim ki, uzun müddətdir yazmıram və hər yaza bilməyəndə çox qorxuram. Qorxuram ki, içimdəki yazmaq sevgisi bir gün tükənər və mən gücümü itirərəm. Yazmaq məni xoşbəxt edən şeylərdən biridir. Bir də yaza bilməyəndə yazar dostumun bir cümləsi yadıma düşür. Onun bir sevgilisi var idi. O da yazırdı. Ailə qurduqdan sonra yazmadı.

Əslində mən o xanıma sayqı duyuram. Çünki əgər xoşbəxtsənsə, sən yazmamalısan. Yaza bilməzsən. Yazsan da süni olursan. Yox əgər xoşbəxt deyilsənsə, niyə ailə həyatını davam edirsən? Deməli yenə sünisən. Mən inanıram ki, o xanım xoşbəxtdir və ailə həyatı bütün seçimləri kimi yazmamağı da çox müdrikcə seçilmiş davranışdır. O vaxtı həmin dostumdan soruşdum ki, o xanım daha niyə yazmır? Dostum da qızın onu atdığından və ya istənilən aqressiyasından haqlı olduğunu hesab etməsəm də, təxmini belə bir şey dedi: Aybəniz, istedad ruhuna edilən xəyanəti bağışlamır. Heç Tanrı da bağışlamır və verdiyi qələmin çirnelini bitirir. Əlindən alıb, qırır. 

İndi mən yaza bilməyəndə düşünürəm ki, mənim üçün də belə deyilə bilər. Kimin nə dediyini önəmsəyən adam deyiləm, amma bu məndə bir inanca çevrilib. Yazmaq həyata tutunmaq, mücadilə səbəbimdir. Və mən uduzmağı heç istəmirəm. 

Keçək filimə. Yaradıcı heyyət barədə çox uzun danışıb sizi yormaq istəmirəm. Sadəcə onu deyim ki, film bir məhbusun bioqrafiasıdır. Yəni real hadisələr və bir insan həyatından bəhs edir. Baş rollarda Coni Dep, Penelope Kruz, Emma Roberts, Jaime Kinq və Rey Liotta paylaşdığı filmin rejissoru Ted Demmedir. 

Sujet xətti: Corc uşaq ikən maddi çətinliklər içində böyüyüb və atasının əlindən gələni etməsinə rəğmən anası bu kasıbçılığı hər dəfəsində atasının üzünə vurub evi tərk etməsi Corcda böyük travmalar qoyur. O bu səbəbdən gələcəkdə belə çətinliklər yaşamayacağını özünə söz verir. Hamımızın da bildiyi kimi həyatda asan pul qazanmanın yolu çirkli işlərdən keçir və Corc da bu çirkli işlərdən biri, narkotik maddələrin satışıyla məşğul olmağa başlayır. Böyük hirsi və cəsarətindən dolayı get-gedə daha çox risk alaraq bu işdə özünü “zirvənin” pik həddinə çatdırır. Təbii ailəsi bu vəziyyəti öyrənəndə , hətta o pul hirsi gözünü tutub, bunları atıb gedən anası belə çirkli pullardan məmnun qalmır. Müxtəlif vaxtlarda tutulur. Yenə polisdən qaçmağa çalışarkən ailəsinin evinə gedir, anası isə oğlunu ondan xəbərsiz polisə təslim edir. Corcun atası ideal atadır. Hər şeyə rəğmən həmişə oğlunun yanında olur. Amma Corcun anadan bəxti gətirmədiyi kimi dostlar və həyat yoldaşından yana da bəxti gətirmir. Hamısı ona zərbə endirir. Filmdə çox duyğusal məqamlar var. Xərçəngdən ölən sevgili, anlayışlı atanın istirabları və Corcun vəkilinin gətirdiyi səsyazma aparatında Corcun atasına sevgi isharı və ən nəhayyət həyatının tək mənası, qızına verib tuta bilmədiyi sözlərin səbəbkarı arvadının qızını ona qarşı çevirməsinin ağrıları. 

Film 2001-ci ildə çəkilib. Filmin sonu Corcun həbsxanadakı yaşlılıq illərini göstərir. Həbs illəri qızının uşaqlıq dövrünə təsadüf edən Corcun qızı artıq yetkinlik yaşına çatmasına rəğmən, onun yolunu həsrətlə gözlədiyi atasının yanına gəlmir. Dediyim kimi film 2001 çəkilib və filmin sonunda yazılır ki, Corc 2015-ci ildə azadlığa buraxılacaq. Bilmirəm bəlkə də Kristina filmdən sonra gedib atasını görmüşdür. Bəlkə də Corc artıq ölmüb. Sözün düzü sizin kimi filmdən sonra nə baş verdiyi məni çox maraqlandırır. Təbii ki, bu məktubumu Kristina oxumur. Amma bu sadəcə Kristinaya deyil, bu adda olmayan kristinalara ünvanlanmış məktubdur.

 Məndən soruşulsa ki, həyatda filmdəki hansı obraz olardım? Çox güman ki, Corcun atası deyərdim. Düzdür, rusların bir deyimi var; “Heç vaxt heç vaxt demə”. Amma çox güman ki, Corcun anası və arvadı kimi bir qadın heç vaxt ola bilmərəm. Bir də bu film Oşonun fəlsəfəsini təsdiqləyir. Oşo deyir ki, kişilər həmişə şüuraltı olaraq evlənmək üçün anaları kimi qadınları seçirlər. Bəlkə də Corcun anası onu polisə verməkdə vətəndaş kimi haqlı idi, amma ana kimi yox. Amma o qadın onu edə bilər ki, o özü oğlunu bu həyata itələmiş olmasın. Əgər uşaqlığında Corc anasının pula görə onları atıb getdiyini, atasının çarəsizliyini görməsəydi gələcəyi belə bir bataqlıq olmazdı. Amma lap onun həyatı bataqlıqdırsa, bu onun seçimidir. Öz həyatımdan bir misal çəkəcəm. Bir bacım var. Dünya bir yana, o bir yanadır. Uşaqlıqdan hər zaman ona söyləmişəm ki, bax həyatında nə baş verir versin, ən pis halda belə bil ki, mən varam, yanındayam. Təki gizləmə. Məndən bir-neçə payız kiçikdir. Daima onu qorumaq istəmişəm. Bir dəfə mənim istəmədiyim bir seçim qarşısında idi. Öz emosiallığıma qapılıb onunla öz əşyam kimi davrandım. Və qəti fikrini soruşmadan mənim qərarıma görə davranacağını sandım. Gözləmədiyim halda özbildiyini etdi. O günə qədər heç vaxt sözümdən çıxmamışdı. Azı mən belə zənn edirəm. Amma bu dəfə belə olmağı mənə sillə kimi təsir etmişdi. Əslində çox yerində bir sillə idi. Məni silkələdi. Ayıltdı. Anladım ki, mən ona valideynlərimizin bizə davrandığı kimi davranmışam. Yıxılmağın nə demək olduğunu bilməyən yeni doğulmuş körpəyə “Getmə, əlini vurma, yanacaqsan” deyə çəmkirmək kimi. Halbuki hər körpənin barmağı mütləq bir dəfə yanır ki, cızz deyəndə cızın nə olduğunu anlayır. O öz bildiyini etdi və dolayısı ilə mənə başa saldı ki, sən məni nə qədər çox sevirsən-sev, mən səni nə qədər sevirəm-sevim yenə də sən mənim həyatımı idarə etmək haqqına sahib və iqtidarında deyilsən. Mən bir şeyi etmək istəyirəmsə onsuz da edəcəm. Etdi və sübut da etdi ki, mən yalnış bir şey etməmişəm, etmərəm. O olaydan ilk əvvəl bir az qırılsam da daha sonra ona güvənim artdı. Yaxşı ki, bunu, doğru olanı etdin dedim. Daha sonra mənim xoşuma gəlməyən hərhansı bir istəyi olsa belə ona mane olmaq əvəzinə gerçəkləşdirməsinə kömək edib, dediyim kimi hər zaman yanında oldum və olacam.

 İnsana bu filmdən nəticə çıxarılmalı çox mesajlar ötürülür əslində. 1.Corcun atası kimi valideyn ola bilmək.

2. Uşaqlarda düşünmədən qoyduğunuz kiçik travmanın bir ömrün məhv olmasına bədəl olması. 

3. Narkotikanın verdiyi və ümumilikdə doğurdan da ağılsızca və asan yoldan qazanılmağa çalışılan xoşbəxtliyin son nəticəsi bir ömürlük bədbəxtliyə səbəb olduğu. 

Corcun anası şikayət edir və polislər gəlib aparanda yenə qaçmasın deyə onun otağındaca çəkmələrini ayağına geyindirən polisə Corcun atası deyir ki, “Bəli, sənin işin və həyat məqsədin dizini yerə qoyub mənim oğlumun çəkməsini geyindirməkdən ibarətdir.” Bu cümlənin nə demək olduğunun, böyüklüyünün bilmirəm fərqindəsinizmi? Corc üçün və Corc kimi sındığı anda valideyni onun yanında olan hər bir insan üçün bu bir dünya deməkdir. O sözü atasından eşidə bilən adam nəinki 2 il, bir ömür də cəza çəkə bilər. Amma Corc qızına öz atası kimi atalıq edə bilmir. Çünki bəlkə də Corcun atasının Corcun anası kimi valideyni olmayıb ki, pula görə dır-dır etsin və Corcun atası bundan psixoloji travma alsın, böyüyüb çətinliyə düşəndə də ucuz yollara əl atsın. 

O qızına verdiyi sözə sadiq çıxmadı, qızı da anasının bu işdə böyük payı olduğunu bilmədi, atasını atdı. Həyat belə zəncirvaridir. Üst-üstə yığılmış domino daşı kimi. Birini tərpətsən hamısı aşacaq. Ya da “puzzle” düzəltmək kimi. Bir parçasını itirsən şəkildəki boşluq həmişə şəkili yarımçıq qoyacaq. Mən Corca qəti haqq qazandırmıram. Sadəcə iradəsi zəif insan olduğu üçün onu anlayıram. Travması olsa da əgər o doğru mücadilə yolu seçsəydi elə bədbəxt olmayacaqdı. Düzdür o anladı, amma gec idi. Zəncirə keçmişdi artıq. Əgər bataqlıqdasansa, sən aydınlığı görə bilmirsən. Dostların da o bataqlıqdan olur, seçdiyin həyat yoldaşın da. Və sonda onların hamısı öz xislətini ortaya qoyur. Corc insan olaraq yaxşı insan idi. Düzdü düşünsək ki, narkotik maddələrlə neçə milyon insanı zəhərləyən birinə necə yaxşı insan demək olar? Bir şey də var ki, Corc olmasaydı da mütləq onu satmağa başqa bir Corc tapılacaqdı. Bunu da unutmayın ki, heç kim heç kimi heç nəyə vadar edə bilməz. Məcburi nəyisə etdirmək olar. Yoxsa ki, kimsə kiminsə başını doldurdu, o səbəb oldu kimi sözlər çox boşdandır. Yenə valideynləri misal çəkəcəm. Çox vaxt öz övladlarını qorumaq üçün səbəb kimi deyirlər ki, Əflatununun, Güldəstənin oğlu-qızı mənim uşağımı pis yola çəkdi, yoldan çıxartdı və s. Tamami ilə yalnış məntiqdir. Ya de ki, bəlkə də mənim uşağım sağlam xarakterli biri deyildi, ya da bu işi etmək onun xistlətində varmış, bilincaltı istəkli imiş. Ya da səbəbi özünüzdə axtarın. Bir valideynin övladım pis övladdır deməsi, yazarın bir yazını yazıb sonra ona pisdir deməsi kimi axmaqcadır. Öz də azərbaycanda mənim uşağım deyəndə 16-18 yaşına kimi insanlar nəzərdə tutulmur. Yetkin gəncə, hətta 40 yaşındakı kişiyə də mənim uşağım gözü ilə baxılır. Lap 16-18 yaşından kiçik olsun. Başqalarını misal çəkmək bəlkə bir az daha asan və qeyri-səmimi olar deyə lap özümü misal çəkəcəm. Uşaqlığımdan, özümü tanıyandan özəy xarakterim dəyişməyib. Zaman  xarakterimi daş kimi oyub, püxtələşdirib fiqur yaradıb. Amma mahiyyət dəyişməyib. Yenə həmin daşdır. Sadəcə yonulub. Almazın brilianta çevrilməyi kimi. Yəni bu günə kimi etdiyim səhv və düzlərdən heç bir qonşunun uşağı məsul deyil. Heç kimin təsiri olmayıb. Kənar şəxslər günahkar deyillər mənim seçimlərimdə. Bir günahkar varsa, ixtiyarım xaricində mənim yerimə qərarlar verən insanlardır ki, onlar da heç bir halda qonşunun uşağı ola bilməz. Ki, bu azərbaycana xass olan valideynlərə məxsus xüsusiyyətdir.

Bəli, Corc anlamışdı səhvlərini. Və o pis insan deyildi. Amma Corc anlamır ki, bütün bataqlıqlardakı insanlar onun kimi travmadan ora düşmürlər. Çoxu mahiyyət olaraq xüsusiyyətlərinə xass olan yeri seçir. Əslində filmə baxın və ya baxmayın deməyəcəm. Sadəcə uzun aradan sonra film məni yenidən yazdırdığına görə hamıya bir misal olaraq göstərmək istədim. Heç kimə məsləhət vermirəm, ən zəhləm gedən işlərdən biridir. Oxuyun, dinləyin, görün qərarı özünüz verin ki, kimisə öz bədbəxtçiliyinizdə günahkardır deyə işarə etmiyəsiniz. 

Ədəbiyyat insanın mənəvi dünyasını açır, dünyagörüşünü artırır və doğru olanı göstərir. Çoxu kitab oxumur, həyatı praktika ilə öyrənir. Bir qismi isə tez həzm ediləsi yöntəm, filmləri izləməklə. Kimisi də kitablar oxumaqla. Ən yaxşı olan isə odur ki, üçünü də birdən edəsiniz. Kitablar xəritəniz, filmlər kompasınız, həyat isə 3D formatında oxuduqlarınızı, izlədiklərinizi hiss etdirsin.

Sonda bütün Kristinalara: Səbəbini bilmədiyiniz, tutulmayan sözlərə görə heç kimi ittiham etmək, atmaq olmaz. Hələ bir səni sevən atanı əsla! Ümumiyyətlə hamını bağışlayın. Bağışlayın ki, qarşıya keçə biləsiniz. Bağışlayın, sonra lap çıxıb gedin. Amma hamı bir söz haqqına sahibdir. Bir dəfə danışmaq şansı verin. Yarımçıq qalan heçnəyi geridə qoyduğunuzu sansanız da, bu alınmayacaq, geridə qoya bilməyəcəksiniz. Çönüb gedəndə gözləyin sağ ol desinlər, sonra gedin. Oxudunuzsa, nə xoş ki, mənə. Oxuyun, amma yenə də siz öz bildiyinizi edin. 

“Həyat bir çox insanın sizin üçün planlar qurması ilə keçər. Və bütün həyatım boyunca qəlbimin parçalarını orda-burda buraxıb getdim. Və indi həyatda qalmağa yetəcək qədər qalmamışam. Amma istəklərimin istedadımı aşdığını bilərək üzümdə bir təbəssümü zorlayıram. Artıq bəyaz atlarla qapımdakı o gözəl qadınlar yoxdur.” - Corc Sanşan Yanq