Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvü Fikrət Cəfərov zəli qalmaqalına münasibət bildirib.
O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, nə gömrük komitəsi, nə də Zoologiya İnstitutu müsadirə edilən zəlilərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib
"Zoologiya İnstitunun direktor müavini Elman Yusifovun açıqlaması ağ yalandır. O açıqlamasında deyib ki, nazirliyə zəlilərin götürülməsi ilə bağlı müraciət olunub və nazirlik imtina edib. Biz ekoloji şura olaraq nazirliyə müraciət etdik və nazirlikdə şərait yaradıldı ki, qaynar xəttə daxil olan zənglərə qulaq asaq. Bilirsiz ki, qaynar xəttə daxil olan zənglərin hamısı yazılır. Zənglərə qulaq asmışıq və belə bir müraciət daxil olmayıb, ağ yalandır. Yoxladıq, belə bir fakt öz əksini tapmadı. Bu insanın deyəsən nə zoologiyadan, nə də qanundan başı çıxır. O deyir ki, nazirlik zəlini götürməyib. Əgər belə idisə, zoologiya institunun təmsilçisi, bir vətəndaş kimi ETSN-dən Nazirlər Kabinetinə şikayət edə bilərdi ki, nazirlik zəliləri götürmür. Ya da ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərdi ki, qanunu yerinə yetirin, zəliləri götürün. Bu bir daha təsdiq edir ki, o, yalan danışır. Belə çıxır indi də zəli alverinə girişiblər. Hesab edirəm ki, qanunsuzluq etmək azmış kimi, belə yalanlarla öz mövqeyini qorumağa çalışır".
Zəlilər nazirliyə təhvil verilməli idi. 25-30 min zəli həddindən artıq çoxdur, bu təbiətə ziyan vurmaqdır, cinayətdir. Nazir tapşırıq verdi ki, komitə tərəfindən hansı zəng olubsa, araşdırılsın. Kim deyibsə ki, zəlilərə baxa bilmərik həmin şəxs cəzalandırılsın. Araşdırma aparıldı. Məlum oldu ki nə komitə, nə də institut tərəfindən belə bir müraciət daxil olub. İnstitutun bu həcmdə zəli saxlamaq imkanı bizdə şübhə doğurur. Təklif etdim ki, komissiya yaradılsın və gedib yerində baxış keçirilsin. İki dəfə belə hal olub. Məsələ indi ictimailəşdirilib. Maraqlıdır, nəyə görə gömrük komitəsi qaydaları pozur?"
Qeyd edək ki, bu gün "Qafqazinfo"da 4 ay bundan əvvəl Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 30 minə yaxın zəlinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, Zoologiya İnstitutuna təhvil verməsi ilə bağlı xəbər yayınlanmışdı.
Zoologiya İnstitunun direktor müavini Elman Yusifov bildirib ki, komitəyə zəlilərin təbiət elementi kimi sahibinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi olduğunu deyiblər:
"Gömrük Komitəsindən isə bizə cavab olaraq dedilər ki, zəliləri əvvəlcə nazirliyə aparıblar. Nazirlik isə deyib ki, zəliləri təbiətə buraxa bilərlər, saxlamaq üçün şəraitləri yoxdur, Şirvan Milli Parkındakı Qızılbaş gölünü təklif ediblər. Ora isə uyğun deyil.
Bundan sonra təkrar Komitə institutumuza müraciət etdi və biz bu işlə bağlı 6 nəfər mütəxəssis ayırdıq. Zəlilərə qulluq etdik. Çünki zəliləri süni şəraitdə saxlamaq çətin məsələdir. Hər gün onları təmiz bulaq suyunda dializ etmək lazımdır. Hava soyuq olduğu müddətdə biz onları institut daxilində saxladıq. Ancaq temperatur son zamanlar 10 dərəcəyə qalxdı və zəlilər ayılmağa başladılar. Və bu barədə Nazirliyə də məlumat verdik".
Son xəbərlər
Son Xəbərlər