Ağac qıran mütəşəkkil dəstə saxlanıldı - Foto

agac-qiran-mutesekkil-deste-saxlanildi
Oxunma sayı: 1649

Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanılıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılmasının qarşısı alınıb.

Dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.  Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və  kəsilməsi qanunla qəti qadağan olunur.

Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.