Ağaclar hər an aşa bilər... - Fotolar+Nazirlikdən açıqlama

agaclar-her-an-asa-biler
Oxunma sayı: 1784

Nərimanov rayonunun sakinləri həyətlərindəki ağac qəzalı vəziyyətdə olduğu üçün “Qafqazinfo”ya müraciət edib.

Sakinlər bildirib ki, Ceyhun Hacıbəyli küçəsi 54 ünvanında yaşayırlar və onların həyətyanı sahəsində olan ağac artıq neçə illərdir ki, bu vəziyyətdədir. Problemlə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, hələ də bir tədbir görülməyib:

“Hər dəfə külək əsəndə əlimiz ürəyimizdə gözləyirik ki, indi aşacaq, ya sonra. Qaz boruları, işıq xətləri ağacın altından keçir. 4 yanı evdir və yaşayış var. Hansı tərəfə aşsa, bir ailəni bədbəxt edəcək. Dəfələrlə Yaşıllaşdırma İdarəsinə zəng vurmuşuq ki, gəlib ağacı kəssinlər. Onlar deyir ki, FHN-dən gəlib baxacaqlar. Ancaq hələ də bir gələn yoxdur. Media vasitəsilə aidiyyatı qurumlara səslənərək problemin tez bir zamanda həll olunmasını tələb edirik”.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı Yaşıllaşdırma İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirilib ki, onların tədbir görməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən onlara rəy verilməlidir.

***

“Qafqazinfo” Yaşıllaşdırma İdarəsinin rəy məsələsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki,  hər bir ağacın öz sahibi var:

"Dəfələrlə bunu demişik Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verir. Rəy niyə verilir? müraciət əsasında. Bu ağacların böyük əksəriyyətinin sahibi Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Əgər ağac təhlükəlidir deyirsənsə, buna rəy almalısan. Rəy verilməlidir deməməlisən.Bu sizin işinizdir. Nazirliyə rəy almaq üçün müraciət etməlisən. Amma yenə də biz bunu müraciət kimi qəbul edirik. Sabah nazirliyin mütəxəsisləri sözügedən ünvana baş çəkib ağacların təhlükəli olub-olmamasına baxıb rəy verəcək. Bu sizin səlahiyyətinizdir, vəzifənizdir. İnsanları niyə aldadırsız? Müraciət edin rəyinizi alın da".

Günel Hacı