Ağcabədidə yeni subartezian quyusunun açılışı olub

agcabedide-yeni-subartezian-quyusunun-acilisi-olub
Oxunma sayı: 634

“Azərsu” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Bura rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlər də daxildir.

“Azərsu” ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 2 ədəd subartezian quyusu qazılıb, tutumu 25 kubmetr olan su çəni quraşdırılıb, 2 kilometr uzunluğunda su xətti çəkilib. 8431 nəfər əhalisi olan Hindarx qəsəbəsinin içməli su təchizatı hazırda subartezian quyuları hesabına aparılır.

Ağcabədi rayonunun Hindarx qəsəbəsində yeni subartezian quyusunun açılış mərasimində “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirib ki, layihə çərçivəsində qazılmış 2 subartezian quyusundan birincisi istismara verilir və bununla da 250-dən çox ailənin və ya 1000-dən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Yaxın vaxtlarda ikinci subartezian quyusunun istismara verilməsi ilə 300-ə qədər ailə və ya 1250-dən çox sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. E.Məmmədov Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin Asiya İnkişaf Bankından alınacaq kredit hesabına həyata keçiriləcəyini xatırladaraq tikinti işlərinə 2012-ci ilin sonuna qədər başlanılacağını bildirib.

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində “Azərsu” ASC-nin genişmiqyaslı tədbirlər həyata keçirdiyini xatırladaraq rayonun içməli su çatışmazlığı müşahidə olunan 6 kəndində 10 subartezian quyusunun qazılacağını bildirib.

Qeyd edək ki, “Azərsu” ASC kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirib. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə, Balakən rayonunun Tülü və Hənifə, Siyəzənin Eynibulaq kəndlərində və Şamaxının Sabir qəsəbəsində içməli su təchizatı yenidən qurulub, həmin yaşayış məntəqələrinə yeni su xətləri çəkilmiş, su anbarları tikilib. Eyni zamanda, Ağdam, Füzuli, Tərtər, Astara və digər rayonların kənd və qəsəbələrində də belə layihələr həyata keçirilir.