Ağdamın icra başçısı dindiriləcək - Dələduzluq işinə görə

agdamin-icra-bascisi-dindirilecek
Oxunma sayı: 2880

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə barələrində məcburi gətirilmə qərarı çıxarılan şahidlərin məhkəməyə gəlmədiyi bildirilib.

T.İbrahimov isə əlavə edib ki, işdə adı keçən, Ağdam rayon icra başçısı Raqub Məmmədov məhkəməyə çağırılaraq dindirilməlidir. 

Hakim bildirib ki, bu işlə bağlı R.Məmmədov istintaqda ifadə verib, həmçinin məhkəməyə gəlib ifadə verməsi də təmin ediləcək.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə ittiham edilir. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.

Murad Əhməd