Rəqəmsal həllərin hökm sürdüyü müasir dövrdə maliyyə-bank sektorunun və ümumiyyətlə biznesin ən mühüm tələblərindən biri də çeviklikdir. Yaranan yeni trendlərə və dəyişikliklərə operativ reaksiya vermək, sürətlə dəyişən bazar tələblərinə tez bir şəkildə uyğunlaşmaq üçün bir çox şirkətlər yeni müasir idarəetmə və iş üslubuna keçid almağa çalışırlar. Kapital Bank da bu tendensiyadan geri qalmadı. Bank maliyyə ekosistemini təkmilləşdirmək üçün biznes modelinin transformasiyası layihəsi çərçivəsində daha effektiv hesab olunan “Agile” idarəetmə üslubunu tətbiq etməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, dünya praktikasına nisbətən Azərbaycanda yenilik sayılan “Agile” metodologiyası, onun üstünlükləri və banka, eləcə də müştərilərə verəcəyi töhfələr haqqında Kapital Bank-ın İdarə Heyətinin Sədri Rövşən Allahverdiyev danışıb.
Hazırda dünya yeni dövrə keçir. Bir tərəfdən rəqəmsallaşma, digər tərəfdən isə qeyri-müəyyən müddətdə davam edəcək pandemiya şəraiti. Kapital Bank asan olmayan zamanda biznesi inkişaf etdirmək, bazarda olan lider mövqeyini saxlamaq üçün hansı addımları atır?
Müasir dövrdə rəqəmsal texnologiyalar və qabaqcıl texnoloji həllər fərqli-fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar açır. Dünya rəqəmsallaşmaya doğru gedir və Kapital Bank da bu tendensiyada ən öndə gedən qurumlardan biri olmaq niyyətindədir. Bir sıra istiqamətlər üzrə bazarda olan lider mövqeyimizin, həmçinin dəyişkən bazar mühitində rəqabət üstünlüyümüzün qorunmasında yeni və müasir texnologiyaların rolu çox böyükdür. Kapital Bank-ın 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyasının əsas istiqamətlərindən biri informasiya texnologiyaları sahəsinin inkişafı və rəqəmsal həllərin genişləndirilməsidir. Son illər ərzində bu sahədə ciddi irəliləməyimiz və əldə etdiyimiz nailiyyətlər çox qürurvericidir. Məqsədimiz odur ki, xüsusən də hazırkı pandemiya şəraitində milyonlarla fiziki şəxs və on minlərlə hüquqi şəxs olan müştərilərimiz, xidmətlərdən bankın filial və şöbələrinə gəlmədən məsafədən rahatlıqla yararlana bilsinlər.
“Agile”a keçidin arxasında nə dayanır?
Kapital Bank bu günə qədər bir çox dəyişikliklərdən keçib. Bunların sırasında həm tarixi, həm də zamanın tələblərinə uyğun olan dəyişikliklər yer alır. Ən böyük transformasiya işlərindən biri kimi bir neçə il əvvəl həyata keçirdiyimiz biznes proseslərin, filial şəbəkəsinin və xidmətin transformasiyasını qeyd etmək olar. Bununla müştərilərimizə yeni bir bəyanat vermiş olduq ki, biz artıq geniş xidmət spektrli müasir maliyyə qurumuyuq. Qeyd etdiyiniz kimi dünya yerində dayanmır. Zamanın tələblərinə uyğun olmaq üçün biz dəyişməliyik, çünki müştərilərimiz də dəyişir, inkişaf edir. Biz hər zaman müştərilərin yanında, insanların seçim etdiyi birinci bank olmaq istəyirik. Bunun üçün bir çox işlər görmüşük, lakin onlarla kifayətlənərək dayanmaq olmaz.
Ümumiyyətlə “Agile” idarəetmə üslubu nədir? Kapital Bank-a hansı üstünlükləri gətirəcək?
Bu gün biznesdə müsbət nəticələr əldə etmək üçün müştərilərin tələblərinə çevik şəkildə reaksiya verməyi bacarmalısan. Şirkətlər, qurumlar, eləcə də maliyyə sektorunun iştirakçıları sürətlə dəyişən bazara, yüksək rəqabətə və artan təzyiqə tab gətirib, inkişaf etmək üçün yeniliklərə və innovasiyalara açıq olmalıdırlar. Öncə qeyd etdiyim bir çox istiqamətlərdə transformasiyanı əhatə edən İnkişaf Strategiyası bankın “Agile” yanaşmasına keçidini də nəzərdə tutur. Əslində dünya təcrübəsinə diqqət yetirsək görərik ki, qabaqcıl qlobal şirkətlər son bir neçə ildir ki, bu sistemi müvəffəqiyyətlə tətbiq edir. Azərbaycanda isə bu son zamanlar aktuallaşıb və yayılmağa başlayıb. Ölkənin ən iri və innovativ banklarından biri olaraq, “Agile” menecment yanaşmasının tətbiqinə biz də başladıq. “Agile” üslubuna keçid daxili iş proseslərinin, struktur idarətmənin və hətta korporativ mədəniyyət modelinin yenidən qurulmasını nəzərdə tutur. “Agile” – bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Məsələn, yeni modelin əsas prinsiplərindən biri odur ki, müxtəlif struktur bölmələrdə çalışan əməkdaşlar konkret layihə və ya məhsul üzərində birgə komanda şəklində işləyirlər.
Bəs “Agile” yanaşması müştərilərə nə verəcək, onları hansı yeniliklər gözləyir?
İlk növbədə biz müştəri yönümlü düşüncə modelinin formalaşdırılmasını həyata keçirməyə çalışırıq. “Agile” metodologiyasının əsas dəyərlərindən biri elə müştərilərlə əməkdaşlığın üstünlüyündən bəhs edir. Əməkdaşlıq dedikdə insanların ehtiyaclarının araşdırılması, məhsul və xidmətlərin onların istəklərinə, gözləntilərinə uyğun şəkildə işlənib hazırlanması nəzərdə tutulur. Bu yanaşma ilə müştərilər birbaşa inkişaf prosesində iştirak etmiş olurlar. Misal üçün məhsul və ya xidmətlə bağlı hər-hansı bir yeniliyi tətbiq etməzdən əvvəl müvafiq rəy sorğuları, lazım gəldikdə fokus-qruplar təşkil olunur. Bu yenilik geniş istifadəyə verilməzdən əvvəl isə müştərilərdən ibarət kiçik könüllü qruplar onu test edə bilir. Beləliklə, biz istifadədə maksimum rahat və müştərilərin ürəyincə olan variantı geniş kütlələrə təqdim etmiş oluruq.
Müsahibədə bir neçə yerdə “Agile” yanaşmanın, həmçinin bankdaxili mədəniyyətin dəyişəcəyini də qeyd etdiniz. Hazırkı əməkdaşlar və gələcəkdə banka cəlb etmək istədiyiniz kadrlardan gözləntiləriniz nələrdir?
İndiyədək müxtəlif məhsullar üzrə qərarları bankın rəhbər strukturları, şəxsləri verirdilərsə, artıq bazara təqdim olunan hər bir layihə, məhsul və ya xidmət üzrə istənilən dəyişiklik yalnız müştəri tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu dəyişikliklərin tətbiqi isə həmin məhsula cavabdeh komanda tərəfindən icra olunacaq. “Agile” ilə kross-funksional idarəetmə mədəniyyətinə keçid bankın hazırkı işçi heyətindən daha çox komanda şəklində işləmək, çevik reaksiya göstərmək, bəzi hallarda yerində qərar vermək bacarıqlarını tələb edir. Öz növbəmizdə rəhbərlik olaraq biz əməkdaşları və onların qərarlarını dəstəkləyib, daha çox etimad göstərməyə hazırıq.
Əgər əvvəllər bank dedikdə insanlar daha çox sərt intizam qaydaları, bürokratik əngəlləri olan bir qurum təsəvvür edirdilərsə, biz o təsəvvürü 180 dərəcə dəyişmək üçün artıq müəyyən addımları atmışıq. Kapital Bank yenilənir və indi mövcud stereotiplərdən kənar, sərbəst, kreativ, dostyana atmosferi olan bir quruma çevrilir. Necə deyərlər növbəti transformasiyanın təməli qoyulub. Misal üçün ötən il arxa ofis əməkdaşları üçün tamamilə sərbəst geyim tərzinə keçid baş verib. Tətbiq edəcəyimiz yeni yanaşmaya əməkdaşlarımızı hazırlamaq üçün komanda quruculuğu və liderliyin inkişafı istiqamətində bütün Bankı əhatə edən silsilə təlim və tədbirlər həyata keçirilib və bu proses bu gün də davam edir. “Agile” idarəetmə ilə fərqli, yenilikçi korporativ mühiti, əməkdaşları və müştəriləri ilə partnyor olan, daha səmərəli və çevik, rəqəmsal Kapital Bank olmağa hazırıq. Bu yolda bizimlə bərabər addımlamaq istəyən bütün gəncləri komandamıza qoşulmağa dəvət edirik.