Ağır koronaviruslu xəstələr üçün neçə ECMO cihazımız var?

agir-koronaviruslu-xesteler-ucun-nece-ecmo-cihazimiz-var
Oxunma sayı: 2334

Son günlər ölkədə koronavirusa yoluxmuş və ağır vəziyyətdə olan bir neçə xəstə ECMO cihazına qoşulub.

“Qafqazinfo” bu məqamda ölkənin səhiyyə sistemində mövcud olan ECMO cihazlarının sayı barədə maraqlanıb. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan dövlət tibb müəssisələrində ağır koronaviruslu xəstələrin müalicəsində tətbiq olunan 12 ədəd ECMO cihazı mövcuddur. 

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılıb karbon-dioksid azaldılaraq, təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. İşləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək aparatının fərqli modifikasiyasıdır. 

Ümumiyyətlə, ECMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.

Sözügedən aparatların qiymətinin 6 milyon dollara yaxın olduğu bildirilir. 

Bildirək ki, Azərbaycanda koronaviruslu xəstələrə ECMO aparatından ilk dəfə Əməkdar artist Bəhram Bağırzadənin müalicəsində istifadə edilib. Mərhum Xalq artisti Arif Quliyevin də müalicəsində bu aparatdan istifadə edilmişdi. Hazırda tanınmış jurnalist Elnur Əşrəfoğlu da bu cihaza qoşulu vəziyyətdədir. 

Günel Türksoy