Ağızlarına gələni ictimailəşdirirlər...

agizlarina-geleni-ictimailesdirirler
Oxunma sayı: 1531


 
“İnternet media resurslarında "daha tez" "sensasiyalı", "böyük ajiotaj doğuracaq" informasiya vermək uğrunda  "yarış-rəqabət" gedirdi. Hərə cəbhəyə "öz müxbiri"ni göndərərək "şahid jurnalist"in dediklərini birbaşa oxucuya çatdırmağa tələsirdi. Mənbəyi bəlli olmayan informasiyalar ağına-bozuna baxmadan saytlara qoyulurdu. Nə dövlətin maraqlarının qorunmasına, nə hərbi sirrin gizli saxlanılmasına, nə də cəbhə bölgəsindəki kəndlərdə yaşayan əhalinin psixoloji gərginliyinə mənfi təsir göstərəcək məqamların ictimailəşdirilməsinə heç bir əhəmiyyət verilmirdi! İnanmaq olmurdu ki, müharibə gedən dövlətin mediası bu qədər məsuliyyətsizlik və milli maraqlara laqeyidlik göstərsin! Amma fakt faktlığında qalır”.

***

“Eyni zamanda Azərbaycan müharibə vəziyyətində olan, ərazisinin iyirmi faizi düşmən işğalında qalan, atəşkəs rejimi hökm sürən və hər zaman müharibənin alovlana biləcəyi bir ölkədir!”.

***

“Burada təsadüfi, kiminsə ağzından eşidilən xəbərlərin ictimailəşdirilməsi qəbuledilməzdir!
Burada hərə öz müxbiri (yaxud yerlərdəki informatorları) şəxsində "informasiya mənbəyi" yaradaraq görüb-eşitdiyini dərhal cəmiyyətə çatdırmalı  deyil!

Hətta bizim "demokratiya etalonu" hesab etdiyimiz dövlətlərdə də dövləti və hərbi sirlərdən söhbət gedən zaman mətbuat və söz azadlığı qatlanaraq bir kənara qoyulur (ABŞ-ın Küveyt, İraq və Əfqanıstan müharibələri zamanı yeritdiyi informasiya siyasətini yada salın), bunu pozanlar isə ciddi şəkildə cəzalandırılır, təqib edilir!”.

***

“Adətən yay aylarında, xüsusən iyul və avqustda ictimai-siyasi həyatda bir sönüklük müşahidə olunur. Bu da təbii sayılır. Çünki həmin dövrdə ölkə parlamentində yay tətili başlayır, ictimai-siyasi xadimlər istirahətə yollanır, yerli və beynəlxalq tədbirlərin keçirilməsində fasilə yaranır. Müsahib və tədbir qıtlığı kütləvi informasiya vasitələrini gərgin duruma salır. Qəzetlər səhifələrinin sayını azaldır, elektron media "maraqlı xəbərlər", "ulduzların yay istirahəti" xəbərləri ilə vəziyyətdən çıxmağa çalışırlar. Bu dövrdə ictimai əhəmiyyət kəsb etməyən xəbərlərin KİV-lərə yol tapması, bir-birindən "köçürmə", istifadə, eyni mövzuda dönə-dönə təkrar xarakterli informasiyalar verilməsi ən çox müşahidə olunan haldır. Redaksiyalarda (çap və elektron) qeyri-peşəkarların üstünlük təşkil etdiyi bir vaxtda "qıtlıq dövrü"nün "gərgin" keçəcəyi şübhə doğurmur. Cəbhə bölgəsində atəşkəsin pozulmasının avqust ayına təsadüf etməsi də mətbuatın hərbi mövzuya daha çox diqqət yetirməsinin səbəblərindən biridir. Amma birinci səbəb deyildir.

Əvvəla, müstəqil mətbuatda (buraya adını  "tənqidçi media" qoyan müxalifət elektron və çap mediası da daxildir) "sensasiyalı" xəbər vermək hərisliyi, xəstəliyi baş alıb gedir. Peşəkarlıqları olmayan jurnalistlər və təcrübəsiz "baş redaktor"lar oxucu diqqəti cəlb etmək üçün adi hadisələrə də "sensasiya donu" geyindirməklə cəmiyyətə təqdim etməyə çalışırlar. Bu halda ilk növbədə ziyan çəkən jurnalistikanın obyektivlik və dəqiqlik prinsipi olur.

İkincisi, peşəkarlığı bir yana, işlədiyi sahəyə dair elementar nəzəri bilgisi olmayan insanlar nəyin "olar", nəyin "olmaz"lığını dərk etmədiklərindən qulaqlarına və ağızlarına gələni dəqiqləşdirmədən informasiya adı ilə ictimailəşdirirlər”.

***

“Avqustun əvvəllərində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən gərginlik ölkə kütləvi informasiya vasitələrinin müharibə şəraitində işləməyə hazır olmadığını göstərdi! Bu amil özünü bütün parametrlərdə büruzə verdi. Mətbuatımızın peşəkarlıq səviyyəsi çox aşağıdır! Çap və elektron media rəhbərləri tərəfindən dövlət və hərbi sirlərin qorunmasına laqeyd münasibət var! Jurnalistikaya qeyri-sahələrdən gələnlərin əksəriyyəti  milli mətbuatın nəzəriyyə və prinsiplərindən xəbərsizdirlər!”

***

“Mətbuatın avqust sınağı göstərdi ki, bu sahədə kifayət qədər boşluqlar və nöqsanlar mövcuddur. Müharibə vəziyyətində olan bir ölkə üçün isə belə vəziyyət bağışlanmazdır! Odur ki, müşavirədə göstərilən nöqsanların ən qısa müddətdə aradan qaldırılmasına nail olunmalı, hərbi və dövləti sirlə bağlı yazılara tələbkarlıq artırılmalı, qanun pozuntusu halında isə ən qəti və kəskin ölçü götürülməlidir!”.