“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, tanınmış cazmen Cavan Zeynallı deyib. O deyib ki, böyük konsert üzərində işləsə də bu layihəni maddi problem üzündən həyata keçirə bilmir: “Azərbaycanda caz həvəskarları var. Onlar mənə müraciət edərək, ifamda solo konsert dinləmək istədiklərini deyirlər. Əlbəttə, mən bundan sevinirəm. Amma bu gün konsert vermək imkanım yoxdur. Bir neçə tanınmış şəxs dəstək verəcəyini deyib. Mən də buna sevindim. Təəssüf olsun ki, bu, elə söz olaraq qaldı. Mən onları da qınamıram. Əgər kimsə maliyyə yardımı üçün təklif etsə solo konsert verməyə hazıram”.
“Caz-Center”də keçirilən konsertlərdən kənarda qalmağının səbəbləri haqqında da danışan sənətkar bildirib ki, ona bu barədə dəvət olmayıb: “Orada olan konsertlərin kim tərəfindən təşkil edildiyini bilmirəm. Hər bir halda dəvət etsələr iştirak edərəm. Təəssüf ki, çox zaman tanınmış və istedadlı insanlar belə tədbirlərdən uzaqda qalır. Həmin tanınmış, istedadlı sənətkar dünyasını dəyişdikdən sonra isə başlayırıq onun üçün təəssüflənməyə. İnsana sağlığında qiymət vermək lazımdır”.