Ağrı dodaqlanmayan saitlər şəklində... -

agri-dodaqlanmayan-saitler-seklinde-
Oxunma sayı: 2016


Bu faylı açdığım vaxtdan yarım saat keçib, ilk cümləni indi yazdım. Gün ərzində ilk siqaretimi yandırıram, tüstü həmişəkindən fərqli olaraq acı və yandırıcı olur. Can ağrısı adamın ağzından qalın saitlər şəklində çıxır: aaa, ıııı... Belə anlarda ağıla ancaq sait səslər gəlir. Gecənin səssizliyində bu dodaqlanmayan saitlər zəif iniltiyə çevrilir, səsboğucu silah kimi adamı öldürür. Ağrını içində boğursan, yanındakı adamın yuxusunu pozmaq istəmirsən. Elə insanlar var ki, ağrı onların ağzı, burnu, saçı kimi anadangəlmə olur. Bu ağrı onlarla birgə doğulur və onlarla birgə də dünyasını dəyişir.


Dərddi, ağrıdı, kədərdi, ayrılıqdı, bunlar dodaqlanmayan məfhumlardır. İnsan həmişə ağrıyan yerinə tərəf əyilir, ağrı insanın ən zəif nöqtəsidir. Mənim ağrım anadangəlmədir, müalicəsi yoxdu. Anadangəlmə xəstəliklərin müalicəsi olmur.

Hər səhər yuxudan oyananda ilk gördüyüm kitablar olur. Yataq otağımda tavana qədər qalaqlanmış kitablar sanki gecə boyu mənim keşiyimi çəkirlər. Mən gecələr yatanda qapını bağlayan adamlardan deyiləm. Rəflərdə yan-yana düzülmüş kitablar məni qoruyur. Məni ölümdən xilas edən və həm də həyatıma qənim kəsilən kitablar! Bir dostum bu darısqal, havasız otağı görüb dedi ki, bura yataq otağıdır ya kitabxana? Kitabların tozu səni məhv edəcək. Mən bu kitablara xəyanət edə bilmirəm, dost. Axı onlar mənim həyatımı xilas edib, indi də qoy mən onların cəfasını çəkim. Bütün dahilər bu otağa yığışıb, ürəyin hansıyla istəsə, həmsöhbət ola bilərsən. Markes məndən razı görünür, Oskar Uayldın qınaq dolu baxışlarından yayına bilmirəm, çünki hələ də onu oxumamışam. Kafkayla xəstəlik haqda dərdləşirik, Çexovun “Altı nömrəli palata”sına düşmək ehtimalı var. Arada Qorio atanın əzablarına şərik oluram, Oblomov isə lap zırramanın biridir! Onun haqqında heç danışmağa dəyməz, xalis avaranın biridir.

Paho, bir yazı mənə yarım qutu siqaretə başa gəldi. Dəyərli yazıçımız Azər Abdulla mənə baş çəkməyə gələndə dedi söz ver ki, siqareti atacaqsan. Söz verdim. O gün zəng vurmuşdu, soruşdu ki, atmısan? Dilimi sürüdüm, azaltmışam, dedim. Amma doğrudan azaltmışam. Əvvəl günə üç qutu çəkirdim. Baxıram ki, siqaret az qala, sağ əlimdə altıncı barmağa dönüb. Siqaret də dodaqlanmayan sözdü. Ağrı kimi, kədər kimi, ayrılıq kimi... Ölmək üçün biri bəs edir: Ağrı!..

“Qafqazinfo”