Ağstafada Hüseyn Arifin 100 illiyinə həsr olunmuş yubiley tədbiri - Fotolar

agstafada-huseyn-arifin-100-illiyine-hesr-olunmus-yubiley-tedbiri
Oxunma sayı: 1630

Ağstafada Xalq şairi Hüseyn Arifin 100 illiyinə həsr olunmuş geniş yubiley tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilaçılığı ilə keçirilən yubiley tədbirində İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq şairinin nəvələri, yaxınları, şəhid ailələrinin üzvləri, Bakı və Gəncə şəhərlərindən, eləcə də digər bölgələrdən təşrif buyurmuş elm və sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairinin büstü və Üzeyir Hacıbəyov küçəsində Ev Muzeyi ziyarət olunub.

Tədbir iştirakçıları mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında kitablar, seçilmiş əsərlərindən ibarət kitab və Ağstafa Dövlət Rəsm Qalereyasının təqdim etdiyi rəsm sərgilərinə tamaşa ediblər.

Qeyd olunub ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, xalq şairi Hüseyin Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və Azərbaycan milli ədəbiyyatına dəyərli tövhələr verib. Hüseyn Arif müasir Azərbaycan poeziyasında özünəməxsus yeri və mövqeyi olan şairlərdəndir. Onun əsərləri və şerləri xalqımız tərəfindən sevilə-sevilə oxunur. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin bütün sahələrində yüksək nailiyyətlər əldə edilməsində göstərdiyi müstəsna xidmətlərdən, hazırda bu siyasi xətti layiqincə davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyət və incəsənət sahəsinə, sənət adamlarına göstərilən xüsusi diqqət və qayğıdan geniş bəhs olunub.

Xalq Şairi Hüseyn Arifin 100 illiyi münasibəti ilə təsdiq olunmuş tədbirlər planına əsasən Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir.