Ağstafa rayonunun Kolxəlfəli kəndindən olan Vətən müharibəsi şəhidi Asif Nəsir oğlu Mədədovun anası ağstafalı gənclər tərəfindən ziyarət olunub, ailəyə məxsus fərdi yaşayış evində nəcib aksiya təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində gənclər Sona ananın mənzilində və həyətində ev və bağ işlərində yaxından köməklik göstərib, ağaclara və yaşıllıqlara xüsusi qulluq ediblər.
Aksiya fəallarından Şəfəq Böyükkiyişeva bildirib ki, əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri yüksək diqqət və qayğıya dəstək vermək, vətəndaşlıq borclarını yerinə yetirməklə bütün gəncləri bu cür aksiyalara sövq etməkdən ibarətdir.
Sona ana qeyd edib ki, bir oğlunun Vətən uğrunda şəhid olması və digər oğlu Məhəmməd Mədədovun Vətən müharibəsi qazisi olması ilə böyük qürur hissi keçirir. O, gənclərin bu nəcib addımını yüksək dəyərləndirib, şəhid ailə üzvlərinə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlığını bildirib.