“Ağyoxuş” qızıl yatağı istismara verildi - Foto

agyoxus-qizil-yatagi-istismara-verildi
Oxunma sayı: 5498

“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verilib. 

“Qafqazinfo” xəbər verir ki, QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. 

Layihənin icrası ilə tanışılıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar.
 
Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sözlərinə görə, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində “Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.